BİRJA

14 Aprel

Rusiya fond bazarında artım

Finss.az - Rusiya fond bazarı yeni həftəyə müsbət əhval-ruhiyyə ilə başlayıb.

Bazar ertəsi səhəri Moskvadakı səhm birjasında keçirilən ticarət sessiyasının əvvəlində Moskva Birjası İndeksi 1,64% artaraq 2876,36 bəndə çatıb. Artıma dünya kapital bazarlarından gələn pozitiv siqnallar və geosiyasi sahədəki nikbinlik səbəb olub.

Ticarət sessiyasının əvvəlində birjanın əsas “mavi fişka” adlanan səhmlərində 3,2%-dək artım qeydə alınıb. Ən çox bahalaşan səhmlər arasında “Qazprom” (+3,2%), “NOVATEK” (+3,2%), “Rusal” (+3,1%), “Severstal” (+2,8%), VTB (+2,7%) və “Aeroflot” (+2,3%) yer alıb.

Bazarın yüksəlişi fonunda Rusiya-Amerika münasibətləri ilə bağlı verilən müsbət açıqlamalar da diqqət çəkib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə arasında əlaqələrin dirçəlməsi istiqamətində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, münasibətlərin sıfırdan bərpası çətin və mərhələli proses olsa da, tərəflər arasında diplomatik təmaslar aktiv şəkildə davam etdirilir.

Eyni mövzuya toxunan Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və Rusiya arasında dialoq diktəsiz və ilkin şərtlər olmadan aparılır. Lavrov, Ər-Riyadda keçirilən son görüşdə Ukrayna, Yaxın Şərq və İranla bağlı məsələlərin də müzakirə olunduğunu qeyd edib. O, ABŞ rəsmilərinin Ukraynanın NATO-ya cəlb edilməsini səhv hesab etdiklərini vurğulayıb.

Digər tərəfdən, ABŞ fond bazarlarında da cümə günü artım müşahidə edilib. Bu artım, ABŞ-ın bir sıra ticarət tərəfdaşlarına qarşı tarifləri 90 günlük müddətə dayandırması və Federal Ehtiyat Bankının dəstək açıqlamaları fonunda baş verib. SP 500 indeksinin fyuçersləri bu gün səhər saatlarında 0,87% artmaqda davam edir.

Asiya-Sakit Okean regionu ölkələrinin birjaları da bu tendensiyanı izləyir. Çin, Yaponiya, Cənubi Koreya və Avstraliya bazarlarında səhmlər 0,5%-dən 2,4%-ə qədər yüksəlib.

Bununla belə, neft bazarında mənfi tendensiya müşahidə olunur. Brent markalı neftin qiyməti 0,34% azalaraq 64,54 ABŞ dollarına, WTI isə 0,36% ucuzlaşaraq 61,28 dollara düşüb.