Finss.az - Keçən həftə əmtəə bazarlarında müsbət meyillər müşahidə olundu.
Xam neftin qiyməti $80/barrel həddini keçərək artım nümayiş etdirdi. Əlvan metallar arasında isə ən yüksək artım (+4,5%) alüminiumda qeydə alındı.
Çin polad bazarında müsbət ab-hava hökm sürür. Buna həm ABŞ-dan gələn yumşaq iqtisadi siqnallar, həm də uzun müddət zərərlə satılan qiymətlərin yüksəlməsi ümidləri təsir edib. Rəsmi statistikaya əsasən, 2024-cü ildə Çində polad istehsalı 1,7% azalaraq 1,005 milyard tona enib. Bununla yanaşı, ölkədə polad istehlakı 4,4% geriləyib, çünki Çin istehsalçıları artıq məhsullarını qlobal bazarlara yönəldiblər.
Rusiyanın polad bazarında isə vəziyyət stabilliyini qoruyur. MetalTorg-un Mərkəzi region üzrə ümumi metalloticarət indeksi həftə ərzində cüzi – 0,07% və ya 0,66 bənd azalıb. İxrac bazarında gözlənilən canlanma baş verməyib, tikinti sektoru isə hələ də zəif göstəricilərlə müşayiət olunur.