Bu gün Avrozonada İstehlak Qiymətləri İndeksinin (İQİ) dərc olunması ərəfəsində, dolların avro qarşısında bir qədər bahalaşdığı müşahidə olunur. Ötən gün ərzində 1.1087 səviyyəsinə yüksələn EUR/USD valyuta cütlüyü, bu gün 1.1074 səviyyəsində ticarət edilir. Eyni zamanda, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.2977 və 147.200 səviyyələrində qərarlaşıb. Dollar indeksi isə 102.00 bənd səviyyəsindədir.
Finss.az xəbər verir ki, avqustun 19-da qızılın fyuçers qiymətləri bir unsiya üçün 2550$ səviyyəsinə yaxınlaşıb. Çikaqo Ticarət Birjasında (CME) dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti zirvəyə çataraq bir unsiya üçün 2549.9$-a yüksəlib. Qızılın spot qiyməti isə tarixi maksimum olan 2509$ səviyyəsini test edib. Hazırda dəyərli metal 2502$ səviyyəsində ticarət olunur. İlin əvvəlindən bəri qızılın qiyməti 20%-dən çox bahalaşıb ki, bu da mərkəzi bankların tələbi ilə əlaqədardır.
Bu gün beynəlxalq birjalarda neftin qiymətində azalma baş verib. Çində "qara qızıl"a olan tələb ilə bağlı narahatlıq yaranıb və treyderlər Yaxın Şərqdə münaqişənin deeskalasiyasının mümkünlüyünü qiymətləndirirlər. "Brent" markalı neftin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti 0.8% ucuzlaşaraq bir barrel üçün 77.04$-a, "WTI" markalı neftin oktyabr ayı üzrə fyuçerslərinin qiyməti isə 0.75% ucuzlaşaraq 73.09$-a enib.
Investorların diqqət mərkəzində olan əsas hadisələrdən biri də Avrozonada inflyasiyaya dair dərc olunacaq göstəricilərdir. Analitiklər Avrozonada illik inflyasiyanın, yekun hesablamaya görə, iyul ayında 2.5%-dən 2.6%-ə qədər artdığını proqnozlaşdırırlar. Rəsmi məlumatlar avqustun 20-də, Bakı vaxtı ilə saat 13:00-da "Eurostat" statistika agentliyi tərəfindən açıqlanacaq.