Analitiklər və investorlar Çin yuanının güclənməsi nəticəsində dünya bazarlarında baş verə biləcək mümkün çalxalanmalardan narahatdırlar.
Finss.az xəbər verir ki, Çin yuanı dünya bazarlarında yapon yenindən sonra güclənməsi nəticəsində yeni iqtisadi çalxalanmalara səbəb ola biləcək növbəti valyuta kimi dəyərləndirilir. Asiya Araşdırmalar Departamentinin rəhbəri Hun Qo CNBC kanalında çıxışında bildirib ki, treyderlər Çin valyutası ilə bağlı kerri-treyd strategiyalarını kütləvi şəkildə bağlamağa başlasalar, bu risk reallaşa bilər.
Yaponiyanın iqtisadi bazarında uzun müddət tətbiq olunan bu strategiya, iyul ayında faiz dərəcələrinin artacağı gözləntiləri ilə yenin zəifləməsinə səbəb olub. Lakin indi analitiklər düşünür ki, eyni hal Çin yuanı ilə də baş verə bilər.
Yuanın qlobal iqtisadiyyata təsiri
Business Insider nəşrinin məlumatına görə, Çində faiz dərəcələrinin aşağı səviyyədə qalması, hakimiyyətin ölkə iqtisadiyyatını dəstəkləmək üçün atdığı addımlardan biridir. Citibank analitikləri də yuanın güclənməsinin qlobal iqtisadiyyat üçün potensial risklər daşıdığını vurğulayırlar.
Lakin bəzi mütəxəssislər bu fikirlə razı deyillər. Mizuho Bankın Asiya üzrə baş iqtisadçısı Vişnu Varatan yuanın güclənməsinin yapon yenində olduğu kimi dünya bazarlarına ciddi təsir edəcəyinə inanmır.
Çinin və Yaponiyanın iqtisadi fərqləri
Yen ilə yuan arasındakı fərqlər həmçinin iki ölkənin iqtisadi problemlərindən də qaynaqlanır. Varatan qeyd edir ki, yenin zəifliyi aşağı faiz dərəcələri ilə əlaqədardırsa, yuanın zəifliyi əsasən struktur iqtisadi problemlər və geosiyasi təhdidlərdən qaynaqlanır. Çin iqtisadiyyatı pandemiyadan sonra tam bərpa oluna bilmədiyindən, Çin Xalq Bankının yaxın gələcəkdə faiz dərəcələrini azaltması daha çox gözlənilir.
Ekspertlər yuanın zəifləməsi və güclənməsi ilə bağlı riskləri yaxından izləyirlər və dünya bazarlarının potensial volatilliyindən ehtiyat edirlər.