BİRJA

05 Avqust

Dünya Fond Birjalarında çökmə Asiya ölkələrindən başlayıb

Fond birjalarında qlobal miqyasda çökmə müşahidə olunur. Asiya-Sakit Okean bölgəsinin birjalarında ticarət kəskin indeks düşüşü ilə başlayıb.

Fins.az xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi bazar ertəsi günü 12,4% azalıb, bu isə ABŞ iqtisadiyyatının vəziyyəti və mümkün iqtisadi durğunluq barədə artan narahatlıqların nəticəsidir. İndeksin bəzi vaxtlarda 13,4% düşməsi 1987-ci ildən bəri ən böyük eniş hesab olunur.

TOPIX indeksi 12,8% azalıb. Tayvanın Taiex indeksi 8,4%, Koreyanın Kospi indeksi isə 8% enib. Kospi və TOPIX birjalarında ticarət dayandırılıb.

Honq Konq fond birjasının Hang Seng indeksi 1,53% düşüb. Kriptovalyuta bazarında Bitcoin-in qiyməti 18% azalıb.

Yaponiya bazarları ən çox zərər çəkib. Yaponiya Bankı faiz dərəcələrini artırmış və yenin dəyəri kəskin yüksəlmişdir.

Maliyyə bazarlarında cümə günü başlanan eniş ABŞ işəgötürənləri arasında məşğulluq artımının yavaşlaması ilə əlaqəlidir. İnvestorlar yüksək faiz dərəcələrinin ABŞ iqtisadiyyatını durğunluğa sürükləyə biləcəyindən narahatdırlar.

Avropa fond birjaları bazar ertəsi aşağı qiymətlərlə açılır, ABŞ fond bazarlarında da eniş gözlənilir. İstanbul fond birjasında ticarət dayandırılıb.