BİRJA

05 Avqust

Birjalarda son durum

 

Ötən həftənin sonuna doğru ucuzlaşan dollar indeksi cari həftə ərzində də FED-in faiz dərəcələrini çox uzun müddət yüksək tutaraq iqtisadi böyüməyə zərər verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə ucuzlaşmağa davam edə bilər. Yüksək profilli şirkətlərdən qazanc hesabatları gözlənilir, eləcə də, resessiya qorxuları və geosiyasi risklərin birləşməsi fonunda neft qiymətlərinin qeyri-sabit qalacağı ehtimal edilir.

Fins.az xəbər verir ki, bu həftə ərzində Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avstraliya Mərkəzi Bankının faiz qərarı, Amerikada, Almaniyada, Kanadada Ticarət Saldosu, Almaniyada və Türkiyədə  İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

EUR

Cari həftə ərzində Avrozonada və Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi eləcə də, Almaniyada İstehlak Qiymətləri İndeksi, Ticarət Saldosu, Sənaye İstehsalının Həcmi göstəriciləri dərc olunacaq. Analitiklər isə hər iki iqtisadiyyatda inflyasiyanın artım tempinin və iqtisadi artım sürətinin zəiflədiyini proqnozlaşdırırlar.

 Ötən həftəyə 1.0855 səviyyəsində start verən EURUSD məzənnəsi ucuzlaşaraq 1.0780 həddini test etsə də, buradan dəstək görərək yenidən bahalaşdı və həftəlik şamını 1.09$ həddinin üzərində bağladı. 

“Buğalar” qiyməti 1.09$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Keçən həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz endirimindən sonra GBPUSD məzənnəsi ardıcıl 3-cü həftəni də enişlə tamamladı. Xatırladaq ki, BoE uçot faiz dərəcəsini 5.25%-dən 5.00%-ə kimi endirdi.

Ötən həftəyə 1.2850 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.29$-a kimi bahalaşsa da, faiz qərarından sonra kəskin ucuzlaşdı və həftəlik şamını 1.28$ səviyyəsində tamamladı. 

OİLUK

Cümə günü neft qiymətləri ABŞ və əsas neft idxalçısı Çindən gələn zəif iqtisadi məlumatların tələbin proqnozu ilə bağlı narahatlıqları artırması səbəbindən yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.

ABŞ-dan zəif əmək bazarı hesabatı və Çində istehsal fəaliyyətinin geriləməsi neft qiymətlərini ucuzlaşdırdı, çünki, qlobal iqtisadiyyatda yavaş bərpanın neft istehlakına təzyiq göstərməsi riski var.

Ardıcıl 3 həftədir ucuzlaşan “Brent” nefti (OİLUK) ötən həftəyə 81.50$ səviyyəsində başlasa da,  eniş tendensiyasını davam etdirdi və həftəni 78.20$-da başa vurdu.

Neft investorları həmçinin Livanın İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasının İsraillə münaqişəsinin yeni mərhələyə qədəm qoyduğunu bildirdiyi Yaxın Şərqdəki prosesləri yaxından izləyirlər.

XAUUSD

Ötən həftə ərzində 2370$-a kimi ucuzlaşan qızıl, Amerikada proqnozların çox altında açıqlanan əmək bazarı göstəricilərindən sonra dollar indeksinin kəskin ucuzlaşması fonunda 2441$-a kimi bahalaşdı və həftəlik şamını burda bağladı.