BİRJA

30 Oktyabr

Azərbaycan Türkiyəyə qaz ixracını əhəmiyyətli dərəcədə artırıb

Azərbaycan 2023-cü ilin avqust ayında Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin analoji dövrü ilə müqayisədə 74,04 faiz artıraraq 538,79 milyon kubmetrdən 937,70 milyon kubmetrə çatdırıb.

Fins.az bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii qaz ixracının həcminə görə ikinci yer tutub.

Bu ilin avqust ayında Türkiyəyə ən böyük qaz ixracçısı təqribən 2270 milyard kubmetrlə Rusiya olub. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 7,42 faiz çoxdur.

Üçüncü yerdə 399,84 milyon kubmetr göstərici ilə Əlcəzair dayanıb. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 35,02 faiz çoxdur.

Türkiyə qeyd olunan dövrdə bütünlükdə qaz idxalını 2022-ci ilin avqust ayı ilə müqayisədə 4,45 faiz azaldaraq 3,853 milyard kubmetrdən 3,681 milyard kubmetrə salıb ki, bunun da 3,281 milyard kubmetrini boru kəmərləri ilə tədarüklər, 399,84 milyon kubmetrini isə maye təbii qaz (MTQ) tədarükü təşkil edib.

2022-ci ilin avqust ayı ilə müqayisədə Türkiyənin boru kəmərləri ilə qaz idxalı 7,74 faiz azalıb, MTQ idxalı isə 35,02 faiz artıb.

Murad Abdullayev
Fins.az