BİRJA

12 Oktyabr

BFB-da “Kredaqro” BOKT MMC-nin istiqrazlarının “Ticarətə Başlama Zəngi” mərasimi keçirilib

Bu gün Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilib. Ümumi dəyəri 1,000,000 (bir milyon) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Fins.az xəbər verir ki, ticarətə başlama mərasimində emitent tərəfindən “Kredaqro” BOKT MMC-nin və BFB-nin nümayəndələri iştirak edib. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, “Kredaqro” BOKT MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaq.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” çalınıb və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.

Günel Məlikzadə
Fins.az