Böyük Britaniya Avropa İttifaqının tədqiqat və kosmik müşahidə proqramlarında iştirak edəcək.
Fins.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası və Böyük Britaniya arasında Böyük Britaniyanın Aİ-nin tədqiqat və innovasiya proqramı olan “Horizon Europe” və Aİ-nin dünya üzrə aparıcı müşahidə proqramı olan “Copernicus”da iştirak barədə siyasi razılaşma əldə olunub. Böyük Britaniyanın sözügedən proqramlarda iştirakı üçün orta hesabla ildə təxminən 2,6 milyard avro ayıracağı diqqətə çatdırılıb.
Bildirilib ki, bu addım Aİ və Böyük Britaniyaya tədqiqat və kosmik icmaları bir araya gətirərək tədqiqat, innovasiya və kosmos sahəsində əlaqələri dərinləşdirməyə imkan verəcək. 2024-cü il yanvarın 1-dən etibarən Böyük Britaniyadakı tədqiqatçılar və təşkilatlar Avropa İttifaqına üzv dövlətlərdəki həmkarları ilə bərabər “Horizon Europe”da iştirak edə biləcək və “Horizon Europe” maliyyələşdirməsinə çıxış əldə edəcəklər. Bu isə öz növbəsində, iqlim, enerji, mobillik, rəqəmsallıq, sənaye, kosmos, sağlamlıq və sair sahələrdə qlobal çağırışların həllinə yönəlmiş qlobal tədqiqatçılar və innovatorlar şəbəkəsinin bir hissəsi olmaq imkanını gücləndirəcək.
“Copernicus” Assosiasiyası Böyük Britaniyaya Yer kürəsini izləmək və onun xidmətlərindən istifadə etmək üçün ən müasir imkanlara malik strateji əhəmiyyətli kosmik proqrama töhfə vermək imkanı yaradacaq. Böyük Britaniya, həmçinin Aİ Kosmik Proqramının tərkib hissəsi olan Aİ Kosmik Nəzarət və İzləmə xidmətlərindən istifadə edə biləcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen məsələ ilə bağlı açıqlamasında söyləyib ki, Aİ və Böyük Britaniya əsas strateji tərəfdaş və müttəfiqlərdir və bugünkü razılaşma bunu sübut edir: “Biz qlobal elm və tədqiqatlarda ön sırada dayanmağa davam edəcəyik”.
Qeyd edək ki, bugünkü siyasi razılaşma Aİ-Böyük Britaniya İttifaq Proqramlarında İştirak üzrə İxtisaslaşdırılmış Komitədə rəsmi qəbul edilməzdən əvvəl Şura tərəfindən təsdiqlənməlidir.