BİRJA

13 Aprel

BFB: 700,000 manat həcmində olan yerləşdirmənin anderrayteri məlum olub

Bu gün Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

BFB-dən Fins.az-a verilən məlıumata görə, ümumi dəyəri 700,000 (yeddi yüz min) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.

Açılış mərasimində emitent tərəfindən BOKT “Falcon Finance” MMC, birja üzvü tərəfindən “PSG-Kapital İnvestisiya Şirkəti” ASC və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin Biznesin İnkişafı Qrupunun direktoru Emil Babayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “Falcon Finance” MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.

Fuad Mədətov
Fins.az