Bu gün-31 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040026 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Fins.Az-a BFB-dən məlumat verilib.
Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 86.60 (12.4923%) manat və 94.8421 (9%) manat olan 36 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 93.0604 (9.7223%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 149,784,700 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 27 yanvar 2026-cı il.
Hərrac iştirakçıları 1 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.