“InvestAZ” investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Fins.Az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, ötən həftənin cümə axşamı günü ABŞ-da ÜDM-in keçən ilin son rübündə proqnozlaşdırılandan daha çox açıqlanması dolların qiymətlərinə dəstək oldu.
Analitiklər, gözləniləndən daha güclü gələn iqtisadi artım göstəricilərinin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv monetar siyasətinə baxmayaraq, ABŞ iqtisadiyyatında "yumşaq eniş" üçün ümidləri artırdığını və resessiya ilə bağlı narahatlıqları azaltdığını bildirirlər.
Nəticədə EURUSD və GBPUSD cütlüklərində artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində ucuzlaşma yaşana bilər.
Cari həftə ərzində ABŞ-da açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də “NFP”, eləcə də İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarları birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Həmçinin, Avrozonada və Almaniyada ÜDM-in həcmi və inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
EUR
Ötən həftə ərzində üfüqi tendensiya sərgiləyən EURUSD məzənnəsi həftəni 1.08$ hədləri üzərində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının faiz qərarı, eləcə də Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.24$ hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı həll edici rol oynaya bilər.
TRY
USDTRY məzənnəsi ötən həftə ərzində 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftənin cümə günü Türkiyədən açıqlanacaq inflyasiya göstəriciləri lirənin birjalarındakı qiymətlərinə təsir edə bilər
GOLD
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Dollar indeksində eniş tendensiyası davam edər və 1942$ həddini qıra bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1980$ və 2008$-a kimi bahalaşa bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.