Özbəkistanda ilk dəfə olaraq kriptovalyuta alqı-satqısı üzrə iki şirkət: Crypto Trade NET və Crypto Market lisenziya alıb. Prespektivli Layihələr üzrə Milli Agentlik bu şirkətlərin Mərkəzi Asiya və MDB-də ilk kriptovalyuta mağazası olduqlarını bildirib. Məlumat üçün qeyd edək ki, Özbəkistanda hökumətin nəzarətində olan Uznex kriptovalyuta birjası artıq fəaliyyət göstərir və iki lisenziyalı şirkət qaydalarda müəyyən edildiyi kimi rəqəmsal aktivlərin mübadiləsi və ya “kripto mağazalar” kimi fəaliyyət göstərəcək.
Kripto mağazaların əsas məqsədi vətəndaşların kriptovalyuta alqı-satqısını asanlaşdırmaqdır. Kripto mağazalar həm elektron platforma (onlayn), həm də ticarət obyekti – müəyyən bir ofisdə (oflayn) vasitəsilə işləyə biləcək. Özbəkistan vətəndaşları ilə hesablaşmalar bank köçürmələri vasitəsilə milli valyuta olan somda, əcnəbilərlə isə xarici valyutada aparılacaq. Oflayn kriptovalyuta mağazalarında isə müştərilər kripto aktivlərini nağd və ya xarici valyutaya, həmçinin bank köçürməsi yolu ilə ala bilərlər. Aktivləri yalnız soma satmağa icazə verilir.
Qeyd etmək lazımdır ki, Özbəkistan dünyada kriptovalyutaların dövriyyəsi üzrə tənzimləyici hüquqi bazaya malik olan azsaylı ölkələrdən biridir.
Müəllif: Elnur Quliyev