BİRJA

29 Avqust

Təminatlı “Kredoaqro” istiqrazları kapital bazarın sığortalı məhsuludur

"Biz AzFinance İnvestisiya Şirkəti olaraq kapital bazarında riski sevməyən investorlar üçün yeni yatırım aləti təqdim etməyə hazırlaşırıq. AzFinance İnvestisiya Şirkətinin anderraytinqliyi ilə emissiya edilmiş  istiqrazlar Azərbaycan kapital bazarına etimadı bir qədər də artıracaq".

Bu sözləri "AzFinance" investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova "Fins.az" saytına açıqlamasında bildirib.

Şirkətin direktor müavini anderraytinq olduqları "Kredaqro Bank Olmayan Kredit Təşkilatı"nın təminatlı istiqrazlarının ölkənin kapital bazarına etimadını artıracağını bildirib:

"Kredaqro Bank Olmayan Kredi Təşkilatının daşınmaz əmlak ilə təmin edilmiş  istiqrazları bazara daxil olmaq istəyən və böyük həcmdə yatırım etməkdən çəkinən şəxslərin bütün istəklərinə ən uyğun investisiya məhsuludur. Sərfəli yatırım olan "Kredaqro" istiqrazları kapital bazarının sığortalı məhsulu hesab edilir".

Əlavə edək ki, "Kredaqro Bank Olmayan Kredi Təşkilatı"nın hər birinin nominal dəyəri 100 manat, 10 000 ədəd faizli, təmin edilmiş istiqrazları Bakı Fond Birjası vasitəsilə hər biri 500 min manatlıq olmaqla 2 tranşda yerləşdirilməsi nəzərdə tutulur.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 11%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.

30 avqust 2022-ci il tarixində BOKT "Kredaqro" MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan təmin edilmiş istiqrazlarının  yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.

P. Qasımova həmçinin istiqrazlara dövlət sığortası mexanizminin tətbiq edilməsinin vacibliyini də qeyd edib:

"Biznesin sağlam və böyük həcmlərdə maliyyələşdirilməsini məhz kapital bazarı vasitəsilə həyata keçirilməsinin mümkün olmasını nəzərə alaraq, ümid edirik ki, bank depozitləri analogiyasından istifadə edərək istiqraz buraxılışlarına da dövlət tərəfindən sığorta mexanizmi tətbiq ediləcəkdir".