Bizim müştərilərin əksər hissəsi Rusiya səhmlərinə investisiya etmədiyi üçün bu səhmlərdə bizim şirkətin müştərisi olan investorların çox məhdud bir məbləğ mövcuddur.
Bunu PAŞA Kapital investisiya şirkətinin direktoru Ceyhun Hacıyev Rusiyaya tətbiq edilən sanksiyaların rəhbərlik etdiyi investisiya şirkətinin müştərilərinə təsirləri barədə "Fins.az"-a açıqlama verərkən deyib.
O bildirib ki,hələ ki, birjalarda bu sahədə qeyri-müəyyənik var. Rusiya şirkətlərinin çoxunun səhmləri London birjasında delistinq olunub. İndi bəzi ehtiyat bankları xarici səhmləri konvertasiya edib Rusiyanın yerli depozitarına yönəltməyin üsullarını araşdırır.
Ceyhun Hacıyev investorların vəsaitlərini itirməsi etimalına da toxunaraq "Yəni prosesdə pul itirmə riski olmayacaq. Hazırda Azərbaycanın Rusiya ilə tərəfdaşlıq əlaqələri normal davam etdiyi üçün rus şirkətlərinin səhmlərinə yatırılmış vəsaitlərin qaytarılması və səhmlərin əldə edilməsi bizim investorlar üçün problem olmayacaq,"-deyə qeyd edib.
Səhmlərin dəyərinin geri ödənilməsi prosesinə aydınlıq gətirən PAŞA Kapital investisiya şirkətinin direktoru Ceyhun Hacıyev "Sadəcə olaraq prosedurun müəyyən edilməsindən sonrakı prosesdə bütün detallar aydın olacaq. Hesab edirəm ki, bu prosesdə problem olmayacaq. Yəqin ki, bütün kağızlar Rusiyanın yerli depozitar bankına köçürüləcək investorlar üçün orada hesab açılacaq və vəsaitlərini geri ala biləcəklər,"-deyə fikirlərini tamamlayıb.
Müəllif: Aynur Qəniyeva