BİRJA

08 İyun

ABŞ Rusiya istiqrazlarının və səhmlərinin alınmasını qadağan edir

ABŞ Maliyyə Nazirliyi təkrar bazarda Rusiya korporativ istiqrazlarının və səhmlərinin alınmasını qadağan edib.
"Fins.az" xəbər verir ki, nazirlikdən mövzu ilə bağlı yenilənən məlumatda bildirilir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı fərman ABŞ-lı şəxslər tərəfindən Rusiyadakı təşkilatların buraxdığı həm yeni, həm də mövcud istiqraz və səhmlərin alınmasını qadağan edir.

Əvvəllər yeni buraxılmış Rusiya istiqrazlarının və səhmlərinin alınmasına qadağa qoyan ABŞ administrasiyası yeni tənzimləmə ilə artıq təkrar bazarda dövriyyədə olan istiqraz və səhmlər üçün də qadağanı qüvvəyə mindirib.

ABŞ və müttəfiqləri Rusiyanın Ukraynada başladığı müharibədən sonra Moskvanı maliyyə cəhətdən təcrid etmək üçün müxtəlif sanksiyalar tətbiq edib. 

ABŞ administrasiyası sonuncu dəfə mayın 24-də Rusiyaya ABŞ investorlarına istiqraz ödənişləri etməyə icazə verən azadlığın uzadılmayacağını açıqlamışdı. Sözügedən müddətin başa çatması ilə Rusiyanın sərmayəçilərə ödəniş etməsinə mane olmaq nəzərdə tutulurdu.