BİRJA

07 İyun

Rəqəmsal dələduzluq: Aldanmamaq üçün nə etməlisiniz?

Rəqəmsal məhsullar gündən-günə daha cəlbedici hala gəlir və istifadəçi auditoriyası genişlənir. Bunun bir çox səbəbləri var ki, ən başlıca nüans əlbəttə ki, mobil telefon vasitəsilə bir çox işləri görə bilməkdir. Şirkətlər auditoriyasına daha asan çatmaq üçün rəqəmsallaşmanı prioritetləşdiriblər. Lakin rəqəmsallaşma özü ilə bərabər yüksək risklər də gətirir. Bu risklər qanunsuz proseslər və ümumiyyətlə dələduzluq halları üçün münbit şərait formalaşdırır. Həmçinin deyə bilərik ki, məhz rəqəmsal sahədə baş verən cinayət əməlləri yüksək səviyyəli peşəkarlar tərəfindən icra olunduğu üçün onların ifşa olunması ən mürəkkəb işlərdən biridir. Məlum olduğu kimi, ümumi hüquq konservativ olduğundan texnoloji inkişafı bir çox hallarda qabaqlaya bilmir. Rəqəmsal dünyaya keçiddə bütün vətəndaşlar maksimum məlumatlı olmalıdır və dələduzluq halları ilə bağlı məsələlər ictimailəşdirilərək hər kəsə çatdırılmalıdır.

Son vaxtlar investisiyalarla bağlı da dələduzluq halları artıb ki, bunlardan biri də “SOCAR investisiya” başlığı ilə insanları yatırım etməyə çağırırlar. SOCAR bu tipli reklamların onlara aid olmadığını elan etsə də, artıq bu istiqamətdə aldanan və pullarını itirən insanlar mövcuddur. Rəqəmsal dünyada, xüsusilə sosial şəbəkə hesabları üzərindən insanları aldadanlar platformanın imkanlarından yararlanır və özlərinə müəyyən yaş aralığı, eləcə də digər hədəfləmə imkanlarından yararlanırlar. Belə hallar investisiyalarla məşğul olan qanuni fəaliyyətlərin reputasiyasına xələl gətirir. İnvestisiya xidmətləri ilə bağlı bu formada sizə təkliflər olan zaman bir çox qaydalara əməl etmək və dəqiqləşdirmə aparmaq lazımdır.

  • Şirkətdən onun Azərbaycan Respublikasında fəaliyyət göstərməyə müvafiq icazəsinin olub –olmaması yoxlanılmalıdır;
  • Xarici Şirkət olduğu təqdirdə onun fəaliyyət göstərdiyi ölkədə bu fəaliyyət ilə məşğul olması üçün müvafiq lisenziyanın olub-olmaması yoxlanılmalıdır;
  • Şirkətdən sizə təklif etdiyi xidmətlər ilə bağlı müqavilə təqdim olunmalıdır;
  • Sizdən investisiya məbləğinin köçürülməsi tələb edildiyi təqdirdə həmin məbləği Şirkətin kartına köçürülməməlidir;
  • Sizi xüsusi olaraq hər hansı Azərbaycan Şirkətinin adı ilə cəlb edilirsinizsə, həmin layihəni təsdiq edən sənəd tələb olunmalıdır;
  • Özünüzü risklərdən qorumaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilərsiniz.

Əgər hansı Şirkət Azərbaycan qanunları altında fəaliyyət göstərmirsə o halda sizin hüquqlarınız müdafiəsiz qalacaqdır. İnvestisiyayalarınızı yalnız Azərbaycan qanunvericiliyinə əsasən lisenziyaya malik olan Şirkətlərə həvalə edin.