Vergi məcəlləsinin 102.1.22 ci maddəsi səhmlər üzrə ödənilən dividendlərdən fiziki şəxsləri ödəmə mənbəyindən 10% vergi ödəməyi azad edir. Şirkətlər QSC-yə və ASC-yə çevrilərək əldə edililmiş mənfəəti heç bir vergi ödəmədən dividend şəklində fiziki şəxs səhmdarlarına ödəyə bilirdilər. Lakin mövcud güzəşt 2023-cü ildə başa çatacaq. Hazırda isə vergilər məcəlləsinə təklif edilən dəyişikliklər müəyyən fərqlər yaradır. Belə ki, səhmləri kütləvi təklif edilən şirkətlərin əsas səhmdarlarının vergilər məcəlləsində təklif edilən yeni qaydalardan yararlanması üçün öz səhmlərini birjada hər kəsin ala biləcəyi formada təqdim etməsi lazımdır.
Təklif edilən dəyişikliklərin 3 formada nəticə verə biləcəyi proqnoz edilir.
• Bir çox şirkətlər mənfəətlərini yenidən investisiya etməklə böyüməyi seçəcəklər. Post-pandemiyada şirkətlərin yaxın 3 ildə bu yolu seçəcəklərinə böyük ehtimal vermək olar.
• Bəzi şirkətlərin 10% vergi verməklə dividendləri ödəyib fəaliyyəti davam edəcəkləri mümkün görünür.
• Əsl şirkətlər İPO edib səhmlərini digər investorlara sataraq həm də əlavə vəsait cəlb edib inkişaf etməklə yanaşı riskləri böləcəklər. Eyni zamanda şirkətdən dividend şəklində gəlirlərini götürəndə 10% vergidən azad olmuş olacaqlar. Bu addım rəqiblərə qarşı da üstünlük yaradacaqdır. Bu, şirkətlərə yatırılmış investisiyalar daha yüksək gəlir gətirdiyi üçün daim maraq təşkil edəcəkdir. Həmçinin səhmləri əldə etmiş investorlar öz şirkətlərinin məhsullarını almağa üstünlük verəcəkdir ki, bu da əlavə dövriyyə formalaşdıracaq.
İPO peşəkar şəkildə hazırlaşılmalı və tam zamanında edilməli olan bir prosesdir. Əlbəttə, bir şirkətin başına gələcək ən ciddi hadisə olduğu üçün həm etibarlı tərəfdaş, həm də xərc tələb edən prosesdir.
İPO-ya ideal hazırlıq dövrü məhz indidir!
Növbəti ayın sonunda audit olunmuş hesabatlarla bir investisiya şirkətini cəlb edərək baxış keçirilməlidir. Bundan başqa ötən ilin hesabatları ilə cari ilin proqnozları müqayisə edilməlidir. Əsas səhmdarların maraqları götürülməklə restruktrizasiya prosesi baş tutmalıdır. 2022-ci ilin müvəffəqiyyətlə başa vurulmasına çalışılmalıdır. İl başa çatan kimi ciddi bir audit cəlb edilib audit edilmiş hesabatlar ən qısa vaxtda hazırlanmalı və 2023-cü ilin aprel-may aylarında İPO edilməlidir.
Səhmləri investorlara satmaq investisiya şirkətinin anderraytinq xidmətidir. İlk İPO-larda investorların olacağına təminat olmadığı üçün ilk İPO-lara 5-10 milyon manatlıq kiçik həcmlərdən başlanılmalıdır.
İnvestorların İPO zamanı səhmləri maksimum qiymətə almaq istəməsi işin ən uğurlu hissəsidir, lakin dəyişikliklərdə emissiya gəlirinin mənfəət vergisindən azad edilməsi təklifi yoxdur. 8-10 il öncə səhmlərin emissiyası zamanı emissiya gəlirindən mənfəət vergisinin tutulmasına cəhd edilirdi. Lakin bu beynəlxalq təcrübəyə, beynəlxalq standardlara və məntiqə uyğun gəlmir. İPO edən şirkət səhmləri daha baha satıb emissiya gəliri əldə etməyi və beləliklə kapitalını möhkəmləndirməyi qarşısına məqsəd qoymalıdır, amma baha satılmış səhmlər şirkətin məhsul satması ilə eyni tutulub vergiyə cəlb edilə bilməz. Əks halda şirkətin əsas səhmdarları öz paylarını kapitalı formalaşdıran zaman şişirtməlidirlər. Belə olan hada İPO-nun baş tutmaq ehtimalı sual altına düşür. İ
İlk alıcılar maliyyəçilər olacağı üçün maliyyə hesabatlarında şişirdilmiş rəqəmləri asanlıqla anlaya biləcəklər. Lakin illərin şirkətini təsis etmiş əsas səhmdarın yeni səhmdarlardan müəyyən üstünlükləri olması üçün şirkətin səhmlərini daha baha satmaq haqqı vardır. Buna şirkətin marka dəyəri və ya “good will” demək olar, hansı ki, əvvəlcədən kapitallaşdırmaq mümkün deyil. Yəni investorlar İPO zamanı səhmləri nominal dəyərdən baha almaqla onun marka dəyərini qiymətdə əks elətdirir. Nominal dəyərlə satış dəyəri arasındakı fərq isə İPO zaman emissiya gəliri hesabına daxil olmaqla şirkətine kapitalına əlavə edilməli və bu gəlirdən heç bir vergi tutulmamalıdır.
Bu yazını Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılova həsr edirəm. Ruhu şad olsun.
Müəllif: İntiqam Səfərəliyev / AzFinance investisiya şirkətinin direktoru