İtaliyanın baş naziri Mario Draqinin bu gün Əlcəzairdə qatılacağı tədbirdə Əlcəzairdən idxal edilən qazın miqdarını 50% artıracaq müqavilə imzalayacağı bildirilir.
"Fins.az"xəbər veir ki, Bloomberg-in mənbələrinə görə, Əlcəzair bazar ertəsi imzalanacaq yeni müqavilə ilə İtaliyaya ixrac edəcəyi qazın həcmini 50% artıracaq. Müqavilə Əlcəzairə Rusiyanı əvəz etməyə imkan verəcək və onu İtaliyanın ən böyük qaz tədarükçüsünə çevirəcək.
Bloomberg-in hesabatına görə, Şimali Afrika ölkəsi İtaliyaya hər il ixrac edəcəyi qazın həcmini 9-10 milyard kubmetr artıracaq. İtaliya 2021-ci ildə Rusiyadan 29 milyard kubmetr, Əlcəzairdən isə 21 milyard kubmetr qaz idxal edib.
Razılaşmanın bazar ertəsi Əlcəzairə səfər edəcək İtaliyanın baş naziri Mario Draqinin Əlcəzair prezidenti Abdelmadjid Tebbune ilə qatılacağı tədbirdə imzalanması gözlənilir. Müqaviləyə Əlcəzairdən qaz idxalının artırılması və bərpa olunan enerjiyə birgə investisiyalar daxildir.
Qaz istehlakının 40%-i Rusiya qazından asılı olan İtaliya Avropa İttifaqı liderlərinin Rusiyanın Ukraynaya təcavüzünə qarşı daha sərt mövqe tutmağa çalışdığı üçün alternativ tədarüklər axtarırdı. Ölkə Aİ-nin Rusiya qazına qadağa qoyulması ilə bağlı qərar verəcəyi təqdirdə bu addımı dəstəkləyəcəyini açıqlayıb.