Onlayın ticarət platforması "Hepsiburada.com"un qurucusu və İdarə heyətinin sədri Hanzade Doğan Boyner, Nasdaq Birjasında şirkətin səhmlərin təxminən 20%-nin kütləvi satışı zamanı bir səhmin 12 dollardan satıldığını, şirkətin bazar dəyərinin 3,9 milyard dollara çatdığını bildirib.
Fins.az xəbər verir ki, mətbuat konfransında danışan Hanzade Doğan Boyner, "Səhmlərin satışından əldə edilən gəliri yalnız Türkiyədə deyil, yüksək böyümə potensiallı bazarlarda da xidmətlərimizi böyütmək üçün istifadə edəcəyik. Məsələn Orta Şərq, Şimali Afrika və Şərqi Avropada güclü bazarlar var",- deyib.
"Franklin Resources Inc" şirkətinin də səhmdarı olduğu, rəsmi adı "D-Market Elektronik Hizmetler ve Ticaret AŞ" olan və Nasdaqda səhmləri satılan ilk Türkiyə şirkəti olan "Hepsiburada"nın səhm satışının cəmi həcmi 738 milyon dollar olub.
Şirkətin açıqladığı məlumatlara görə, şirkətin 326 milyon ədəd səhminin təxminən 20%-i satışa çıxarılıb.
Səhm satışı koronavirus tədbirlərinin onlayn ticarət gəlirlərini artırdığı bir dövrə təsadüf edir. Onlayn pərakəndə satışların Türkiyədə cəmi pərakəndə satışlarda payı 10% təşkil edərkən, Avropada bu nisbət 20% səviyyəsindədir.
Ötən il 45 mindən çox tərəfdaşının olduğu "Hepsiburada" 17 milyard türk lirəlik əməliyyat həcminə nail olub.