BİRJA

17 İyun

Qızıl rekord həddə UCUZLAŞDI

Qızıl, ABŞ Mərkəzi Bankının (Fed) proqnozlarındakı dəyişikliklər və Fed sədrinin açıqlamalarından sonra 8 Yanvardan bu yana günlük ən böyük nisbətdə ucuzlaşıb.

Fins.az xəbər verir ki, qızılın qiyməti 1800 dollardan da aşağı düşərək 1786 dollar səviyyələrinə geriləyib. Dünən Bakı vaxtı ilə saat 22:00-dan bu yana qızılın unsiyası 4,5% ucuzlaşıb.

Fed, faizin artırılması daxil, şərtlərini gözləniləndən daha erkən möhkəmləşdirməyə başlaya bilər. Buna dair narahatlıqlar qızılın ucuzlaşmasına səbəb olur.

Fed sədri Jerome Powell-in çərşənbə günü keçirdiyi mətbuat konfransında, maliyyə bazarlarını və iqtisadiyyatı dəstəkləmək üçün istifadə edilən qiymətli kağız alışı proqramının azaldılması ilə əlaqədar müzakirələrin başlaya biləcəyini söyləməsi qızıl qiymətləri üzərində təzyiq yaradıb.

Fed-in yaydığı proqnozlara görə, 2022-ci ildə 1 dəfə, 2023-cü ildə 2 dəfə faiz artırılması nəzərdə tutulur. Belə bir faiz artırılması təqvimi faizin  artırılmasına bazardakı bir çox aktyorun gözlədiyindən daha erkən başlayacağına işarə edir.