BİRJA

20 May

İntiqam Səfərəliyev: İldə 5-10% gəlir əldə etməyiniz üçün cəmi 2 saat vaxt sərf etməlisiz 

Azərbaycanın kapital bazarında dayanıqlılığı və etibarlılığı ilə seçilən investisiya şirkəti “AzFinance İnvestisya Şirkəti” son dövrlərdə ölkəmizdə bu sahənin inkişafı üçün irimiqyaslı addımları ilə seçilir. İnvestisiya şirkətinin mütəxəssisləri tərəfindən Bakı Fond Birjası ilə birgə ölkəmizin kiçik və orta sahibkarlıq subyektləri eyni zamanda potensial investorlar üçün çoxsaylı təlimlər keçirilib.

Ölkədə Kapital Bazarlarının əsas fiqurlarından biri olan “AzFinance İnvestisiya Şirkəti” istiqraz buraxılışı elan etmiş, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üçün mühüm layihələr həyata keçirib. Fins.az “AzFinance İnvestisiya Şirkətin”in Direktoru İntiqam Səfərəliyevin müsahibəsini təqdim edir.

Azərbaycanın qiymətli kağızlar bazarının mövcud inkişaf vəziyyətini necə qiymətləndirirsiniz?

    Bizim kapital bazarımızı post sovet məkanında bizimlə oxşar göstəricilərə malik ölkələrlə müqayisə etsək çox böyük fərq yoxdur. Bütün bunlara baxmayaraq bu bazarın elə bir böyük perspektivi var ki, iqtisadiyyatımızı inanılmaz şəkildə inkişaf etdirə bilər. Digər sahələrdə olduğu kimi ABŞ kapital bazarının inkişafı real nümunədir. Digər sahələrdən fərqli olaraq, kapital bazarındakı bütün məlumatlar açıq məlumatlardır. Yəni biz də sadəcə olaraq oturub açıq məlumatları təhlil edib, eyni addımları atmaqla öz iqtisadiyyatımızın imkanları çərçivəsində müvafiq inkişaf səviyyəsinə nail ola bilərik. Mən ümumiyyətlə bizim qiymətli kağızlar bazarımız yoxdur fikrini qəbul etmirəm. Bunu deyənlər sadəcə bu bazarın iştirakçısı deyillər deyə, buradakı gəlirliyi və imkanları bilmirlər. Yalnız daxili bazara investisiya etməklə ciddi qazanc əldə edən investorlar az deyil.

Hazırda Azərbaycan qiymətli kağızlar bazarında hansı sərmayə fürsətləri var?

    Dövlət istiqrazları, heç bir risk etmədən dövlətə borc verməklə ildə 5-10% gəlir əldə etməyiniz üçün cəmi 2 saat vaxt sərf etməlisiniz.

Korporativ istiqrazlar dövlət istiqrazlarından 2-5% daha yüksək gəlir gətirir.

Doğru səhmlərə investisiya etsəniz ildə 20-25% qazana bilərsiniz. Məsələn “Azərbaycan Beynəlxalq Bankı” ASC-in səhmlərinin 2-3 il ərzində qiyməti 2 dəfədən çox artıb, “Holcim Azərbaycan”-nın səhmləri son 2 ildə 2 dəfə qiymətini artırıb. Hazırda dividend verən 50-ə yaxın ASC vardır ki, siz onların səhmlərini alıb dividend hesabına gəlir götürə bilərsiniz. “Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarına son iki ildə səhmin nominal dəyərindən 12%, real bazar qiymətindən isə 15% dividend verib.

Kriptovalyutalara Azərbaycanda eyni zamanda beynəlxalq aləmdə maraq artıb bu bazarın perspektivi var?

     Biz kriptovalyutaya investisiya etmək üçün 2018-ci ildə qərar verdik ki, bu sahəni araşdıraq. Bu araşdırma nəticəsində mən şəxsən ABŞ və Avstraliyaya gedib Silikon Vadisində ciddi görüşlər keçirərək, beynəlxalq tədbirlərdə iştirak etdim. Nəticədə biz investisiya etməmək qərarı verdik. Buna baxmayaraq həmin dövrdən sonra bazarda təkcə Bitcoin 10 dəfə bahalaşıb. Uçmağı bacarmaq üçün çoxlu təcrübələr olub, insanlar həyatlarını fəda ediblər. Lakin biz bu gün təyyarələrlə rahat səyahət edirik.

Hazırda 9 000 müxtəlif kriptovalyuta mövcuddur. İnvestorların investisiya edəcəyi kriptovalyutanı necə seçdiyi barədə ətraflı məlumata malik deyiləm. Amma əminəm ki, bunları oturub detallı təhlil edən analitik hansı kriptovalutanın “Boeing” və ya “Airbus” olacağını tapa bilər. Bütün bunlara baxmayaraq kriptovalyutaların dövlətlərin rəsmi şəkildə qəbul etdiyi valyuta ola biləcəyinə inanıram. Ödəniş vasitəsi kimi kriptovalyutaların istifadəsinə cəhdlər dövlətə qarşı çıxmaq təsiri bağışlayır. Dövlətlər bunu yavaş-yavaş məhdudlaşdıra bilər. Uzun sözün qısası, bu barədə konkret fikir söyləməyi məqsədəuyğun hesab etmirəm.

“AzFinance İnvestisiya Şirkəti” istiqraz buraxıb. İstiqrazlar barədə məlumat verərdiniz. İstiqraz buraxmaqda əsas məqsəd nədən ibarətdir?

   Məqsədimiz 5 illik ucuz vəsait cəlb edib həmin vəsait hesabına KOB-lara investisiya etməyə başlamaq, onlarda pay almaq, səhmlərini almaq, dəstəkləyib maliyyə və hüquqi xidmətlərlə onların böyüməyinə kömək etmək və 5 il sonra onlardakı paylarımızı yüksək qiymətə satıb istiqrazları geri ödəməkdir.

SOCAR daxili bazar üçün 100 milyon ABŞ dolları həcmində 5 illik istiqraz buraxılışı elan edib. Bunun Azərbaycanın qiymətli kağızlar bazarına təsirləri necə olacaq?

   “SOCAR İstiqrazları” çox əhəmiyyətli proyekt idi və davam etdirilməsinə sevinirəm. İnsanların bu növ investisiyaya ilk toxunuşu üçün, yəni onları alıb, qazanması, prosesi öyrənməsi üçün çox əhəmiyyətlidir. Bu kapital bazarının inkişafında tarixi hadisə olacaq. Bu addım 20-50 il sonra bir qığılcım kimi qiymətləndiriləcək. Ötən emissiya kapital bazarına 1000 nəfərdən çox investor, investorlara isə 5% gəlir qazandırdı. Digər dövlət təşkilatları da eyni addımları ata bilər. Xalqımız ən çox dövlətimizə inandığı üçün dövlət təşkilatlarının ilkin mərhələdə rolu yüksəkdir və eyni zamanda qlobal investorlardan borc götürüb onları qazandırmaqdandırsa öz əhalimizə qazanmaq imkanı verir. Bununla yanaşı pul olanda da onun gəlir gətirməməsi insanları narahat edir. Bəzən bilmədikləri sahələrə, riskli sahələrə, kriptovalyutalara, “Forex”ə, xarici ölkələrdə rəqabətli mühitdə investisiya edib pullarını itirirlər. Bu baxımdan dövlət şirkətlərinin əhalinin pulunu borc götürüb onu işlədib, qazancla geri ödəməsi indiki mərhələdə çox əhəmiyyətlidir. Növbəti mərhələdə reputasiya qazanmış özəl şirkətlər də bunu edəcəklər. Bəziləri artıq edir, bəziləri etməyə hazırlaşır.

Beynəlxalq sərmayəçilərin diqqətini Azərbaycanın qiymətli kağızlar bazarına cəlb etmək üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

   İnvestisiya cəlb etməyin bircə yolu var: çox yaxşı olmalısan, digərlərindən daha yaxşı olmalısan. Ölkəmiz regionun aparıcı dövləti kimi diqqəti cəlb edir və investisiya üçün çox maraqlıdır. Lakin investorlar hər-hansı bir ölkəyə yatırım etmək istədikləri zaman ilk növbədə həmin dövlətin kapital bazarında kiçik bir investisiya edir, prosesləri araşdırır, hüquq sistemi ilə tanış olur, insanların xarakterini öyrənir və s. sonra ya investisiyasını Kapital bazarında davam etdirir, yaxud da şəxsi münasibətlər qurub birbaşa investisiya edir. Bizim Kapital bazarına baxanda gərək xarici investorlar öyrəşdikləri, haqqında məlumatlı olduqları alətlərə sərmayə qoysunlar , investisiya fondları, istiqrazlar, listinqdə olan böyük şirkətlər, İPO-lar və s. bunu da etmək elə də çətin deyil. Yəqin yaxın 5 ildə ciddi dəyişiklərə nail olacağıq. Həm Azərbaycan yeni investisiya zonası açmaqla və böyük bir problemi həll etməklə daha investorlar üçün maraqlı olub, həm də son illər aparılan iqtisadi islahatlar bizə geniş imkanlar vəd edir.

Müəllif:Aynur Qəniyeva