BİRJA

19 May

Bitkoin sürətlə dibə yuvarlandı - 280 MİLYARD DOLLAR “ƏRİDİ”

Dünyanın 1 nömrəli kriptovalyutası Bitkoin dünən gün ərzində sürətlə - 13% ucuzlaşıb və 38,585 dollar təşkil edib.

Fins.az CoinDesk-ə istinadla xəbər verir ki, bununla da, Bitkoin fevralın 9-dan sonra bu il ərzində ikinci dəfə 40 min dolların altına düşüb. Nəticədə, hazırda 2,5 trilyon dollar təşkil edən kriptovalyuta bazarının dəyəri 280 milyard dollar azalıb. Xatırladaq ki, ötən ildən bəri 300%-dən çox bahalaşan ən dəbli kriptovalyuta bu il aprelin ortalarında tarixi rekorda - 65 min dollara çatmışdı. Daha sonra sürətlə dəyər itirən bitkoin son bir ayda təxminən 40% ucuzlaşıb.

Dünən Çinin üç bank və ödəniş qurumu xəbərdarlıqla çıxış edərək, maliyyə institutlarına virtual valyuta əməliyyatları aparmamağı tövsiyə edib. Mayın 12-də isə qalmaqallı Tesla rəhbəri Elon Mask ekoloji amilləri əsas gətirərək, bitkoindən ödəniş vasitəsi kimi istifadəni dayandırdıqlarını açıqlamışdı. Elə həmin gün bitkoin kəskin ucuzlaşmış, kriptovalyuta bazarı daha 300 milyard dollar dəyər itirmişdi.

Son proseslər digər kriptovalyutaların da ucuzlaşmasına səbəb olub. Ethereum blokçeyni əsasında qurulan Ether-in qiyməti dünən 15% azalaraq, 3001 dollarda qərarlaşıb. Zarafatla yaradılmış və Elon Maskın Tvitləri sayəsində dəyər qazanmış Dogecoin isə Coinmarketcap-ın məlumatına görə, 18% ucuzlaşaraq, 0,40 dollara düşüb.