BİRJA

18 May

Neft tələbin artması proqnozları ilə bahalaşır

Ticarət məlumatlarına görə, dünya bazarında neft qiymətləri ABŞ kimi əsas bölgələrdə xammala olan tələbin artması ilə bağlı nikbinlik fonunda yüksəldi, Brent markalı xam neftin qiyməti təxminən 70 dollara çatdı.

Brent xam neftinin iyul fyuçerslərinin qiyməti 0.33% artaraq 69.69 dollara, “WTI”-nin iyul fyuçersləri isə 0.33% artaraq barreli 66.5 dollara, iyun fyuçersləri isə 0.36% artaraq barreli 66.51 dollara çatdı.

Çərşənbə axşamı səhər neftin qiymətləri Asiyanın bəzi bölgələrində “COVID-19” yoluxmalarının artmasına baxmayaraq, ABŞ kimi əsas bölgələrdə tələb artımına dair nikbin düşüncə şəraitində yüksəldi. İnvestorlar böyük ölkələrdə peyvəndlənmə prosesi sürətləndikcə və hərəkətlilik artdıqca yanacaq tələbinin artacağını gözləyirlər.

“Bazar açıq şəkildə ABŞ, Avropa və Çinə yönəlib”, deyə “Oanda Asia Pacific”-in baş bazar analitiki Ceffri Xelli “Bloomberg”-ə bildirib. Onun sözlərinə görə, Brent xam neftinin qiyməti 70 dollar səviyyəsindəki güclü müqaviməti aşarsa, tez bir zamanda 72 dollara qədər yüksələ bilər.

İnvestorlar ABŞ-da daxili turizmin bərpası səbəbindən yanacaq tələbatının artdığına da diqqət çəkiblər. Nəqliyyat Təhlükəsizliyi İdarəsinə görə, ABŞ hava limanında təhlükəsizlik xidmətindən qeydiyyatdan keçən sərnişinlərin sayı bazar günü 1.85 milyona yüksəlib.