Azərbaycan Maliyyə Nazirliyi 2021-ci ilin yanvar ayında istiqraz yerləşdirilməsi yolu ilə 146 milyon 480 min 139 manat cəlb edib.
Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, yanvar ayında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 əqd bağlanıb.
2021-ci ilin yanvar ayında Mərkəzi Bank tərəfindən 106 əqd üzrə 1 milyard 7 milyon 869 min 484 məbləğində qiymətli kağızlar (notlar) yerləşdirilib.
Qeyd edək ki, 2020-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 194 min manat borc alıb. Bu, 2019-cu illə müqayisədə 504 milyon 186 min manat və ya 76,5% çoxdur.
Maliyyə Nazirliyi 2021-ci ildə, həm istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrarmaliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2 milyard manat məbləğində dövlət istiqrazları emissiya etməyi nəzərdə tutur. 2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır. Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.