Fins.az xəbər verir ki, Beynəlxalq valyuta birjalarında Breksit ticarət sazişinin imzalanması ehtimallarının azalması, avro və funtda korreksiyalara səbəb olur. Cümə axşamı İngiltərə və AB-nin gündəlik müzakirələrə başlaması qərarı verilib və burada hər hansı müsbət xəbərlərin açıqlanması, sözügedən valyutalarda bahalaşmanın bərpa ediləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, son iki gündür Amerikanın daşınmaz əmlak bazarına dair fundamental göstəricilərin də müsbət açıqlanması, dollara olan etimadın artması ilə bərabər EURUSD və GBPUSD məzənnələrinə qarşı təzyiqlərin də artmasına səbəb olur.
Bu gün isə Almaniya, Avrozona və İngiltərənin sənaye və xidmət sektorları ilə bağlı yeni rəqəmlərin dərc edilməsi, investorları diqqət mərkəzində olacaqdır.
TCMB-nin maliyyə bazarlarında proqnozlaşdırılanın əksinə olaraq faizini dəyişməməsi, lirəyə olan təzyiqləri də artırmışdır. Təhlillərə əsasən, USDTRY məzənnəsi 8.07TL-yə kimi də bahalaşa bilər.
Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir. Lakin qlobal siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbin və beləliklə qiymətlərin yüksələcəyini proqnozlaşdırmağa əsas verir. Hazırda 1900$-ın üzərində təklif edilən bir unsiya üzrə qiymət, 1909$-ın qırılması ilə yenidən 1923$-a kimi dəyər qazana bilər. (investaz.az)