Fins.az xəbər verir ki, beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşmaqda davam edir. Amerika sessiyasında dollar indeksi dəstək görsə də, texniki təhlillər ucuzlaşmanın davam edə biləcəyi proqnozlaşdırmağa əsas verir. Dəstəyin səbəbi isə ABŞ-da hökümət ilə müxalifətin iqtisadiyyata dəstək proqramının məbləğinə dair razılığın əldə oluna biləcəyi ehtimallarının artmasıdır.
Beləliklə, EURUSD məzənnəsində də korreksiya müşahidə edilir. Lakin Asiya sessiyasında yenidən 1.1838$-da dəstək görən məzənnə, 1.1864$-ın qırılması ilə növbəti artım dalğasını bərpa edə bilər. Eyni mənzərə GBPUSD məzənnəsində də müşayiət olunur və treyderlər 1.3174$-ın qırılmasını gözləyirlər.
Əlvan metallar bazarlarında da qızılın qiyməti korreksiya edib və dollarda ucuzlaşmanın yenidən sürətlənəcəyi təqdirdə, bahalaşmanın burada da bərpa oluna biləcəyi ehtimal edilir. Burada isə önəmli müqavimət səviyyələri 1918.50 və 1923.30$-dır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Bundan öncə - saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir.
Qeyd etmək lazımdır ki, USDTRY məzənnəsi son günlər ucuzlaşmağa başlayıb və son təhlillər nəticəsi məzənnə 7.8318TL-nin altında qaldıqca, ucuzlaşmaqda davam edəcəyi istiqamətindədir. (investaz.az)