BİRJA

27 Dekabr

Ekspert: “Emitentin etibarlı olması SOCAR istiqrazlarına marağı artırır”

Qiymətli kağızlar bazarında xüsusi çəkiyə malik SOCAR istiqrazlarına investorların marağı kifayət qədər yüksəkdir. Bu qiymətli kağızların təkrar bazarda aktiv formada ticarəti də aparılır.

Bəs investorların SOCAR istiqrazalarına marağının əsas səbəbi nədir və bunun kökündə dayanan amillər hansılardır?

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) baş mütəxəssisi Əli Hüseynli bildirib ki, emitentin etibarlı olması investorların SOCAR istiqrazlarına marağını artırır:

“Emitentin SOCAR olması riskləri azaldır. Bir tərəfdən, SOCAR-ın faktiki olaraq tarnsmili şirkətə çevrilməsi və beynəlxalq maliyyə standartlarına uyğunluğu həlledici amillərdir. Digər tərəfdən, həmin istiqrazlar gəlirlilik baxımından yetərincə sərfəli maliyyə alətidir. Bank əmantələri ilə müqayisə etsək, həm gəlirlilik, həm də risk baxımından SOCAR istiqrazlarının uduşda olduğu aşkardır.

Təkrar bazarda da kifayət qədər aktivlik var. Qiymət də yetərincə yüksək səviyyədədir. Həmçinin SOCAR istiqrazlarının Repo predmeti kimi istifadə olunması investorlara əlavə üstünlük gətirir. Bu zaman onlar qiymətli kağıza mülkiyyət hüququnu itirmədən istiqrazı girov qoyaraq qısamüddətli kredit cəlb edirlər”.

Xatırladaq ki, 2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni sərmayə fürsətləri təklif edən SOCAR istiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırdı və istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəldi.

Nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.