BAZAR

19 Avqust

Azərbaycan 383 milyon 863 min dollar dəyərində meyvə-tərəvəz ixrac edib

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə, meyvə-tərəvəz ixracının dəyəri 4% və ya 16,3 milyon dollar, həcmi isə 7,2% və ya 28,4 min ton azalıb. 2023-cü ilin ilk yeddi ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396,9 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları arasında 139,5 milyon dollar dəyərində tomat (116,9 min ton), 54,5 milyon dollar dəyərində meşə fındığı (8 844 ton), 27,8 milyon dollar dəyərində xurma (35,4 min ton), 23,6 milyon dollar dəyərində alma (35,4 min ton), 20,4 milyon dollar dəyərində kartof (48,2 min ton) və 3,3 milyon dollar dəyərində nar (3 651 ton) üstünlük təşkil edib.

Cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,38%-ə, qeyri-neft məhsullarının ixracında isə 20,48%-ə bərabər olub.

Fuad Mədətov
Finss.az