BAZAR

19 Avqust

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 5.2% artıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572,8 milyon ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% (127,5 milyon ABŞ dolları) artıb.

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 7,8% azalaraq 656 milyon 46 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 10,6% artaraq 1 milyard 916,7 milyon dollara çatıb.

Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdədir. Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu dövrdə ixrac olunan əsas məhsullar arasında meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair), meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və digər məhsullar yer alıb.

Ticarət dövriyyəsinin Azərbaycan ümumi ticarət dövriyyəsinin 9,57%-ni təşkil etdiyi bildirilir. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsi 26 milyard 892 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 874,7 milyon ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az