BAZAR

19 Noyabr

DİM ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib

Bakı, 19 noyabr Fins.az 

Dövlət İmtahan Mərkəzi dünyanın bir çox ölkələrində tanınan ICDL - (International Computer Driving Licence – Beynəlxalq Kompüter İşlətmə Lisenziyası) beynəlxalq imtahanlarının  keçirilməsi üçün lisenziya əldə edib.

DİM-dən bildirilib ki, ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilirlər.

ICDL imtahanlarının aşağıdakı 4 kateqoriyası mövcuddur:

- ICDL Workforce

- ICDL Professional

- ICDL Digital Student

- ICDL Digital Citizen

ICDL-in yuxarıda qeyd olunan kateqoriyalara uyğun imtahanlar haqqında məlumatı proqramlarının üzərindən keçid etməklə müvafiq modullara daxil olub, əldə etmək mümkündür.

ICDL sertifikatının üstünlükləri:

- ICDL sertifikatı işəgötürənlər və təşkilatlar tərəfindən beynəlxalq səviyyədə tanınır;

- ICDL modulları kompüter istifadəçiləri, İT mütəxəssisləri və beynəlxalq təcrübəli proqram mühəndisləri tərəfindən hazırlanıb.

- ICDL modulları rəqəmsal bacarıqların əldə edilməsinə və anlayışların başa düşülməsinə yönəlib;

- ICDL sertifikatı ilə namizədlər müasir iş yerlərində rəqəmsal bacarıqlarından rahatlıqla istifadə edə bilir;

- CDL təsdiqlənmiş Keyfiyyət Təminatı Standartlarına (QAS) malikdir və müntəzəm keyfiyyət yoxlamaları daxili və xaricdən aparılır.

Qeyd edək ki, ICDL imtahanlarının tanınması aşağıdakı müxtəlif qurumlar tərəfindən təsdiq olunub:

1. “The European Digital Competence Framework” sənədi UNESCO-nun müvafiq hesabatında rəqəmsal səriştəlilik bacarıqlarının qiymətləndirməsi üçün istifadə olunub. Hesabatda hər bir alət üçün öyrənmə nəticələri “DigComp”-un 21 səriştəsi ilə müqayisə edilib. Qiymətləndirilən bütün alətlər arasında ICDL Digcomp-da verilən öyrənmə nəticələrinə ən yaxın alət kimi qeyd olunub.

2. ICDL 2017-ci ildə Təhsildə Beynəlxalq Texnologiya Cəmiyyəti (ISTE) tərəfindən tanınıb.

3. Amerika Təhsil Kollecinin Tövsiyə Xidməti (ACE CREDIT®) ICDL imtahanlarının beş modulu üçün kollec kreditini qiymətləndirərək tövsiyə edib.

Qeyd edək ki, DİM Azərbaycanda ICDL imtahanlarını təklif edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.