BAZAR

05 May

Müəllimlərin virtual.edu.az portalında qeydiyyatdan keçməsi tələbi qoyulmayıb

Müəllimlərin “Virtual məktəb” (www.virtual.edu.az) portalında qeydiyyatdan keçməsi ilə bağlı heç bir tələb qoyulmayıb.

Fins.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, “Virtual məktəb” layihəsində iştirak müəllimin internetə çıxış və digər texniki imkanları ilə bağlıdr: “Bütün müəllimlər üçün sistemdəki qeydiyyat açıqdır. Heç bir müəllim üçün belə bir məcburiyyət qoyulmayıb ki, siz “Virtual məktəb”də qeydiyyatdan keçməlisiniz”.

O.Abbasov portalda qeydiyyatdan keçməyən şagirdlərin yekun qiymətləndirmədə qiymət və ya attestat almayacağı fikrinin də düzgün olmadığını söyləyib.

 

“Virtual məktəb” layihəsində qeydiyyatdan keçənlərin sayının gözlənildiyindən də çox olduğunu deyən O.Abbasov əlavə edib ki, onların arasında çox ucqar kəndlərdə yaşayanlar da var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin təşkilatçılığı ilə teledərslər keçirilir. Teledərslər martın 11-dən "Mədəniyyət" kanalında "Dərs vaxtı" proqramı çərçivəsində yayımlanır.

Aprelin 2-dən isə Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi.