BAZAR

05 May

İmtahanların ləğvi kadr çatışmazlığına gətirə bilər? - "Lazımi ixtisaslar barədə təklif hazırlanmalıdır"

Pandemiyaya görə qəbul imtahanlarının müvəqqəti təxirə salınması onların təşkili barədə xeyli versiyaların səslənməsi ilə nəticələnib. İmtahanların bu il ümumiyyətlə, ləğv olunmasını istəyənlər də az deyil.

Bəs, qəbul imtahanları ləğv olunsa, 4 il sonra hansı sahələrdə kadr çatışmazlığı yarana bilər?

Fins.az-ın məlumatna görə, mövzu ilə bağlı TED.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov bildirib ki, COVID-19 böhranı səbəbindən bu il buraxılış və qəbul imtahanlarının ləğvi gündəmdə deyil. Dövlət rəsmilərinin verdikləri bəyanatlardan da görünür ki, bu il imtahanlar karantin rejiminin tətbiqi nəticəsində yaranacaq şərait çərçivəsində mütləq keçiriləcək: "Sadəcə prosesin dinamikasından asılı olaraq onların hansı formatda keçirilməsi müzakirə edilir. Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə qeyd edib ki, “vəziyyətin hansı istiqamətdə dəyişməsi nəzarətdə saxlanacaq. Növbəti addımlar isə bu qərarlara əsasən veriləcək. Təhsil Nazirliyi olaraq hazırlıq işlərimizi həyata keçiririk ki, belə bir qərar veriləndə yeni qaydalara uyğun fəaliyyətə hazır olaq. Bu həm də digər qurumlarla birgə həyata keçirilən tədbirlərə aiddir. Qəbul imtahanları da məktəblərin bazasında keçirilir. O da aydındır ki, növbəti mərhələdə bu imtahanlar zamanı da ötən illərdən fərqli standart və normalar tətbiq ediləcək". 

Eyni zamanda Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında deyib ki, karantin rejiminin davametmə müddətindən asılı olaraq bu il imtahanların hansı formada və nə vaxt keçirilməsi üçün bir neçə variant var: “Hamının bir dəfə pulsuz imtahanda iştirak etmək qaydası qalır. Şərait imkan versə, iki dəfə imtahan keçirərik. Amma bu şərait olmasa və bizə deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin, onda imtahan bir dəfə olacaq”. Göründüyü kimi, Azərbaycan hər vətəndaşının təhsil almaq hüququnu qorumaqla, builki məzunların da ali məktəblərə qəbul olmaq hüququna hörmətlə yanaşır".

Aqşin Məmmədov qeyd edib ki, COVID-19 pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salınması zərurətini meydana çıxarıb: "Böhran təhsilin necə təşkil edilməsi haqqında yenidən düşünmək imkanı kimi qiymətləndirilməlidir. UNESCO-nun baş direktoru Odre Azule “Le Journal du Dimanche” nəşrinə müsahibəsində qeyd edib ki, COVID-19 böhranı “UNESCO-nun keyfiyyətli təhsil proqramının parametrlərini və məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Onun sözlərinə görə, pandemiya dövründə məktəb və universitetlərdə dərslərin dayandırılması BMT-nin 2030-cu ilə qədər ümumi təhsilin təmin edilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsi yolunda mövcud olan geriləməni gücləndirəcək. Buna görə də biz təhsil sahəsində ambisiyalı məqsədlərimizə yenidən baxmaq, onun gələcəyini yenidən düşünmək üçün bu dövrdən istifadə etməli olacağıq”.

Bunu nəzərə aldıqda eyni yanaşma hansı ixtisasların postpandemiya dövründə aktual olacağı ilə bağlıdır. Fikrimcə, əsas məsələ bir illik qəbul planının ləğv edilməsinin gələcəkdə (məsələn, 4 il sonra) kadr çatışmazlığına gətirib çıxaracağı deyil. Çünki hər il ali, orta ixtisas və peşə məktəbləri müxtəlif ixtisaslar üzrə kifayət qədər kadr hazırlayır. Əsas məsələ bu kadrların əmək bazarında hansı dərəcədə gərəkliliyi və tələbata cavab verib-verməməsidir. Heç şübhəsiz, bu gün Azərbaycanın qarşısında duran əsas tələblərdən biri əmək bazarının tələblərinə uyğunlaşmaq, mövcud olan sahələr üzrə keyfiyyətli kadr bankı yaratmaqdır".

Onun sözlərinə görə, xüsusilə rəqəmsal texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması nəticəsində bir çox peşələr sıradan çıxıb və bu prosesin davam edəcəyi də labüddür: "Nəzərə almaq lazımdır ki,  Azərbaycan əhalisi ildən-ilə artır və hər il təxminən 100 min insan əmək bazarına daxil olur. Bu insanlar üçün yeni imkanlar yaradılmalıdır. Bunun üçün mövcud əmək bazarının araşdırılması və dünyada gedən proseslərin izlənilməsi  zəruridir. Ölkəmizdə elə peşələr var ki, artıq onlara tələb yoxdur, amma həmin sahələr üzrə kadrlar hazırlanır. Bu kadrlar gələcəkdə öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkəcək, onların yenidən əmək bazarının tələbinə uyğunlaşdırılması zərurəti yaranacaq. Eyni zamanda bəzi ixtisaslar var ki, həmin sahələr üzrə ixtisaslı kadr çatışmazlığı mövcuddur. Amma buna baxmayaraq həmin sahələr üzrə kadrların hazırlanması işi təşkil edilməyib və s.

 

Fikrimcə, Təhsil Nazirliyi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək bazarını tədqiq edib, bazarda olan tendensiyanı öyrənib hansı sahələr üzrə yeni imkanların olduğunu üzrə çıxarmalı, ali, orta ixtisas və peşə təhsili müəssisələrinə yaxın 10-15 ildə hansı ixtisasların lazım olduğu haqqında təkliflər hazırlamalıdır. Ali təhsil və orta ixtisas müəssisələri də buna uyğunlaşdırılmalıdır".