“PAŞA Bank” ASC 2026-cı ildə səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) ilə bazara çıxacağını açıqlayıb.
Finss.az xəbər verir ki, IPO prosesinə dair tədbirdə Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, səhmlərin yerləşdirilməsinə “Paylaşaraq böyüyək – birlikdə” şüarı ilə çıxmaları təsadüfi deyil və bu qərarın arxasında illər ərzində yaradılmış dəyərin, qazanılmış etimadın və formalaşdırılmış nüfuzun daha geniş investor kütləsi ilə bölüşdürülməsi dayanır.
Onun sözlərinə görə, Bankın İdarə Heyətinin tövsiyəsi və səhmdarların qərarı əsasında bu dəyərin bir hissəsinin səhm yerləşdirilməsi yolu ilə bazar iştirakçıları, ilk növbədə isə fiziki şəxslərlə paylaşılması planlaşdırılır. Qeyd olunub ki, Azərbaycanda IPO prosesinə başlayan ilk özəl bank və ilk özəl şirkət məhz “PAŞA Bank”dır.
Bildirilib ki, 2026-cı ildə həyata keçiriləcək yerləşdirmə çərçivəsində bankın kapitalının 5%-i, yəni 932 926 ədəd adi adlı səhm bazara təqdim olunacaq. Səhmlərin yerləşdirilməsinin bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlığını daha da gücləndirəcəyi vurğulanıb.
C.Quliyev çıxışında xatırladıb ki, iki həftə əvvəl keçirilmiş mətbuat konfransında IPO ilə bağlı strateji niyyətlər və atılacaq addımlar barədə ilkin məlumat ictimaiyyətə təqdim olunub, hazırkı tədbir isə bu açıqlamanın məntiqi davamı olaraq IPO prosesinin mahiyyətini və ölkənin biznes və investisiya mühiti üçün əhəmiyyətini daha ətraflı izah etmək məqsədi daşıyır.
Qeyd edilib ki, bank 2007-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının real sektorunun dəstəklənməsini prioritet istiqamət kimi müəyyən edib və istehsalat, nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı və qeyri-neft sektorunun digər sahələrində fəaliyyət göstərən bizneslərin etibarlı tərəfdaşına çevrilib. Son illərdə korporativ və kiçik və orta sahibkarlıq seqmentində müştəri sayı əhəmiyyətli dərəcədə artıb və 2025-ci ilin sonuna biznes kreditləri portfeli 3,1 milyard manatdan çox olmaqla rekord həddə çatıb. Bununla bank qeyri-dövlət, özəl sektorun maliyyələşdirilməsində lider mövqeyini qoruyub saxlayıb.
Tədbirdə çıxış edən Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, “PAŞA Bank” əvvəlki illərdə xalis mənfəətinin minimum 30–40%-i, bəzi illərdə isə 50–70%-i həcmində dividend ödənişləri həyata keçirib. Onun sözlərinə görə, 2025-ci ildə 129 milyon manat və ya xalis mənfəətin təxminən 60%-i həcmində dividend ödənilib.
Maliyyə göstəricilərinə toxunan M.Süleymanov qeyd edib ki, bank 2024-cü ildə 218 milyon manat xalis mənfəət əldə edib və bu göstərici 2023-cü illə müqayisədə demək olar ki, eyni səviyyədə qalıb. Həmçinin bildirilib ki, 2025-ci ildə 129 milyon manat dividend məhz 2024-cü ilin xalis mənfəəti üzrə ödənilib.
Audit olunmamış və Milli Mühasibat Uçotu Standartları əsasında tərtib edilmiş hesabatlara görə isə 2025-ci ilin yanvar–dekabr aylarında bankın xalis mənfəəti 148 milyon 896 min manat təşkil edib.
Bank rəhbərliyi vurğulayıb ki, IPO prosesi həm kapital bazarının inkişafına, həm də ölkə iqtisadiyyatına əlavə təkan verəcək. Qeyd olunub ki, uzun illər ərzində formalaşdırılmış dayanıqlı biznes modelinin yaratdığı dəyərin daha geniş investor çevrəsi ilə paylaşılması bankın növbəti inkişaf mərhələsinin əsas istiqamətini təşkil edir və bu yol investorlarla birlikdə davam etdiriləcək.
Fuad Mədətov
Finss.az
