BANK

11 Fevral

AYİB-in Azərbaycandakı layihə portfeli 36 layihə və 906 milyon avro ilə güclü aktivlik göstərir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana yatırımları 2020-ci ildən sonra sürətlə artaraq 2024-cü ildə pik həddə çatıb, 2025-ci ildə isə kəskin azalıb.

Finss.az bu barədə AYİB-nin illik maliyyələşdirmə həcmləri və layihələrin sayı üzrə məlumatlarına əsasən xəbər verir ki, 2019–2020-ci illərdə bankın investisiyaları hər il 17 milyon avro səviyyəsində sabit qalıb. 2021-ci ildə maliyyələşmə iki dəfə artaraq 34 milyon avro, 2022-ci ildə 86 milyon avro, 2023-cü ildə isə 156 milyon avro təşkil edib. 2024-cü ildə investisiyalar 199 milyon avroya yüksələrək yeddi illik dövr üzrə rekord göstərici qeydə alınıb.

Lakin 2025-ci ildə investisiyaların həcmi 81 milyon avroya enib, yəni 2024-cü ilin səviyyəsindən iki dəfədən çox aşağı düşüb. Maliyyələşmənin azalmasına baxmayaraq, layihə aktivliyi yüksək qalıb.

AYİB tərəfindən dəstəklənən layihələrin sayı isə artan dinamika nümayiş etdirib. 2019-cu ildə layihə sayı 5 olub, 2020-ci ildə 6, 2021-ci ildə 8, 2022-ci ildə 9 layihə həyata keçirilib. 2023-cü ildə isə investisiya həcmi artsa da layihələrin sayı 2-yə düşüb. 2024-cü ildə layihə aktivliyi bərpa olunaraq 8 layihəyə çatıb, 2025-ci ildə isə rekord səviyyədə 10 layihə icra edilib.

2025-ci ilin dekabr ayının sonuna olan vəziyyətə görə, AYİB-in Azərbaycandakı layihə portfeli 906 milyon avro həcmində və 36 layihəni əhatə edir, bankın iştirak payı isə 1%, əməliyyat aktivlərinin həcmi isə 695 milyon avro səviyyəsində qiymətləndirilir. Özəl sektor portfelin 40%-ni təşkil edir.

Ümumilikdə, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan etibarən AYİB ölkə iqtisadiyyatına 3,648 milyard avro investisiya qoyub, təsdiqlənmiş maliyyələşmənin ümumi həcmi isə 3,390 milyard avro olub. Bu müddət ərzində bank 201 layihənin icrasını dəstəkləyib.

Fuad Mədətov
Finss.az