Ermənistan, Azərbaycan və Gürcüstan banklarının kredit göstəriciləri güclü olaraq qalır və tarixi orta səviyyələri üstələyir. Bank sektoru dayanıqlı iqtisadi artım, suveren kredit profillərinin yaxşılaşması, eləcə də Ukrayna münaqişəsinin davam edən dolayı təsirləri fonunda dəstəklənir.
Finss.az “Fitch Ratings” agentliyinin məlumatına əsasən xəbər verir ki, 2022-ci ildən 2025-ci ilin sentyabr ayınadək olan dövrdə region bankları rekord səviyyədə gəlirlilik nümayiş etdiriblər. Faiz dərəcələrinin artması nəticəsində xalis faiz marjası 1–2 faiz bəndi yüksəlib.
Agentlik bildirir ki, Ermənistan bankları, nisbətən daha az dərəcədə isə Gürcüstan bankları, tranzit ticarət, miqrasiya axınları və Rusiyadan daxil olan ödənişlər hesabına komissiya gəlirlərinin artımından faydalanıblar. Azərbaycanda isə bankların gəlirliliyinin yüksəlməsi əvvəlki illərin problemli aktivləri ilə bağlı risklərin azalması ilə izah olunur.
Hesabatda qeyd edilir ki, kapital yetərliliyi göstəriciləri Ermənistan və Gürcüstanda güclü mənfəətlilik və sərt tənzimləyici tələblər sayəsində yüksək səviyyədə qalır. Azərbaycanda isə kreditləşmənin sürətli artımı və dividendlərin ödənilməsi kapital buferlərinin azalmasına səbəb olub. Bununla belə, “Fitch” 2026-cı ildə Azərbaycanda kapitallaşma səviyyəsinin ümumilikdə sabit qalacağını proqnozlaşdırır. Buna qənaətbəxş gəlirlilik və aktivlərin mülayim artımı şərait yaradacaq.
Bildirilir ki, regionda aktivlərin keyfiyyəti yaxşılaşıb, lakin problemli kreditlərin payının daha da azalması artıq aşağı baza səviyyəsi səbəbindən məhdud ola bilər. 2021-ci ildən bəri ən nəzərəçarpan irəliləyiş isə Azərbaycan banklarında qeydə alınıb. Bu, milli valyutada kreditləşmənin genişlənməsi və borcalanların ödəmə qabiliyyətinə dair tələblərin sərtləşdirilməsi ilə əlaqələndirilir.
Məlumata görə, regionda dollarlaşma səviyyəsi azalsa da, Gürcüstanda kreditlərin 42%-i, Ermənistanda isə 34%-i hələ də xarici valyutada qalır. Azərbaycanda isə valyuta kreditlərinin payı cəmi 14% təşkil edir. Bu göstərici manatın ABŞ dollarına faktiki bağlılığı və valyuta ilə kreditləşməyə dair sərt qaydalarla izah olunur.
“Fitch” qeyd edir ki, bankların likvidliyi komfortlu səviyyədədir. Bununla belə, 2025-ci ilin doqquz ayının sonuna sektor üzrə orta kredit/depozit əmsalı Ermənistan və Gürcüstanda 105%-i ötüb (2022-ci ilin sonunda müvafiq olaraq 82% və 101% idi). Azərbaycanda isə bu göstərici 80% səviyyəsində formalaşıb.
Hesabatda vurğulanır ki, region banklarının reytinqləri “B”–“BB+” aralığında dəyişir. Gürcüstanın (BB/stabil) və Ermənistanın (BB-/müsbət) ən iri banklarının reytinqləri onların suveren reytinqlərinə uyğundur. Azərbaycan bankları isə ölkənin suveren reytinqindən (BBB-/stabil) aşağı qiymətləndirilir ki, bu da agentliyin bankların müstəqil maliyyə profilləri və əməliyyat mühiti (bb-/stabil) ilə bağlı mövqeyini əks etdirir.
“Fitch Ratings” hesab edir ki, tənzimləmənin gücləndirilməsi və dayanıqlı maliyyə göstəricilərinin qorunması Azərbaycanda bankların reytinqlərinin yüksəldilməsinə şərait yarada bilər.
Fuad Mədətov
Finss.az
