2025-ci ilin yekunlarına görə, Azərbaycanda bank sektorunun kredit portfeli artımını davam etdirib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ölkə üzrə əhaliyə və korporativ subyektlərə verilmiş kreditlərin ümumi həcmi 54,2 milyard manat səviyyəsinə çatıb ki, bu da əvvəlki ilə nisbətən təqribən 6,3% artım deməkdir.
Əhalinin kredit portfeli 23,7 milyard manat olub və illik artım 7,1% təşkil edib. Bu artım əsasən istehlak kreditləri və ipoteka kreditlərinin genişlənməsi ilə əlaqələndirilir. Sistem əhəmiyyətli banklarda əhalinin müddətli depozit faizlərinin 6% səviyyəsində olması kredit bazarına likvidliyin daxil olmasını təmin edib və bankların yeni kreditlər üzrə faiz dərəcələrinin uçot dərəcəsinə yaxınlaşmasına şərait yaradıb.
Korporativ sektorun kredit portfeli 30,5 milyard manat təşkil edib və illik artım 5,8% olub. Bu göstərici xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrə verilmiş investisiya və dövriyyə kreditlərinin artması ilə izah edilir.
Mərkəzi Bank pul siyasətinin alətlərindən istifadə edərək təminatsız pul bazarında faizlərin uçot dərəcəsinə yaxın səviyyədə formalaşmasını təmin edib. 2025-ci ilin dekabr ayında uçot dərəcəsinin 0,25 faiz bəndi azalması ilə AZIR indeksi 6,73%-dən 6,7%-ə enib. 2025-ci ilin iyul və dekabr aylarında uçot dərəcəsinin iki mərhələdə toplam 0,5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində kredit və depozit faizlərinin azalmasına səbəb olub.
Mərkəzi Bankın strateji məqsədi kredit portfelinin dayanıqlı artımını təmin etməklə həm əhalinin, həm də biznes subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirməkdir. Bu yanaşma inflyasiya hədəfləri və pul siyasəti qərarlarının real sektora ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AMB-nin proqnozuna görə, 2026-cı ildə ölkədə iqtisadi artım 2,4%, qeyri-neft-qaz sektoru üzrə artım isə 4% səviyyəsində gözlənilir. Bu şəraitdə kredit portfelinin həm əhalinin, həm də korporativ subyektlərin tələblərinə uyğun şəkildə artımı gözlənilir.
Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı 2026-cı il aprelin 2-də açıqlayacaq və kredit bazarında sabitliyi qorumaq üçün sərəncamındakı bütün pul siyasəti vasitələrindən istifadə edəcək.
Fuad Mədətov
Finss.az
