BANK

09 Fevral

Sürətli pul köçürməsi sistemləri ilə Azərbaycan banklarına daxil olan vəsaitin həcmi artıb

2025-ci ilin sonuna Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 288,5 min əməliyyat üzrə 162,3 milyon manat vəsait daxil olub.

Finss.az  Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü illə müqayisədə əməliyyatların sayı 4,9 min və ya 1,7%, daxil olan vəsaitin həcmi isə 49 milyon manat və ya 43,2% artıb.

Hesabat dövründə banklara daxil olan sürətli pul köçürmələri üzrə bir əməliyyatın orta məbləği 562,6 manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 163,1 manat və ya 40,8% çoxdur.

Eyni zamanda, 2025-ci ilin sonuna banklardan xaricə sürətli pul köçürmə sistemləri vasitəsilə 103,6 min əməliyyat üzrə 47,7 milyon manat köçürülüb. 2024-cü illə müqayisədə əməliyyatların sayı 25,7 min və ya 19,9% azalsa da, köçürülən vəsaitin həcmi 10 milyon manat və ya 26,5% artıb.

Banklardan xaricə həyata keçirilən sürətli pul köçürmələri üzrə bir əməliyyatın orta məbləği 460,3 manat olub ki, bu da 2024-cü illə müqayisədə 107,9 manat və ya 30,6% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin sonuna Azərbaycanda banklar və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəmə kartlarının sayı əvvəlki aya nisbətən 145 min vahid artaraq 21 milyon 980 min vahidə çatıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 10,5% artım nümayiş etdirib.

Fuad Mədətov
Finss.az