Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti 5 fevral 2026-cı il tarixindən etibarən faiz dəhlizinin bütün parametrlərini 0,25 faiz bəndi azaldıb. Nəticədə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsinə endirilib.
Finss.az xəbər verir ki, AMB faiz dəhlizindəki dəyişiklik zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%), qlobal iqtisadi aktivlik, beynəlxalq maliyyə bazarları, daxili makroiqtisadi göstəricilər və pul siyasətinin maliyyə bazarları ilə real sektora təsiri nəzərə alınıb.
İllik inflyasiya hədəf daxilindədir. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2% təşkil edib. Qiymətlər illik ifadədə:
- qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4%
- ödənişli xidmətlər üzrə 5,7%
- qeyri-qida məhsulları üzrə 2,5% artıb.
Baza inflyasiyası 4,8% səviyyəsində olub, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir.
AMB pul siyasəti alətlərindən, o cümlədən əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərraclarından istifadə etməklə təminatsız pul bazarında faizlərin uçot dərəcəsinə yaxın formalaşmasını təmin edir. Dekabrda AZIR indeksinin orta günlük səviyyəsi 6,73%-dən 2025-ci ilin yanvarında 6,7%-ə enib. Uçot dərəcəsinin iyul və dekabr aylarında iki mərhələdə toplam 0,5 faiz bəndi endirilməsi maliyyə bazarlarında faizlərin azalması ilə müşayiət olunub. Son yarım ildə Mərkəzi Bank notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb.
Əhalinin müddətli əmanətləri 2025-ci ildə 19,9% və ya 1,7 milyard manat artaraq 103 milyard manatı keçib. Ölkədə unikal əmanətçilərin sayı 106,7 mindən 194 minə yüksəlib. Sistem əhəmiyyətli banklarda depozit faizləri 6% səviyyəsində olub.
Valyuta bazarında stabillik qorunub. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 423 milyon ABŞ dollarını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2,6 faiz bəndi azalaraq 28%-ə enib. AMB-nin valyuta ehtiyatları 5,1% artaraq 11,5 milyard ABŞ dollarına çatıb. Valyuta hərraclarında təklif tələbi üstələyib: orta hesabla bir hərrac üzrə təklif 70 milyon, tələb isə 54 milyon ABŞ dolları təşkil edib.
AMB-nin proqnozuna əsasən, illik inflyasiya 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4,0% səviyyəsində gözlənilir. Ölkənin cari əməliyyatlar balansının 2026-cı ildə 2,8–3 milyard, 2027-ci ildə isə 2,7–2,8 milyard ABŞ dolları profisitlə nəticələnəcəyi proqnozlaşdırılır. Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları artaraq 85,1 milyard ABŞ dollarına, xarici dövlət borcu isə 4,8135 milyard ABŞ dolları və ya faktiki ÜDM-in 6,3%-i səviyyəsində olub.
AMB-nin məlumatına görə, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 2026-cı il aprelin 2-də açıqlanacaq və qiymət sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.
Fuad Mədətov
Finss.az
