2025-ci ildə Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyib. Orta hesabla keçirilən hərraclarda dollar təklifi tələbdən yüksək olub.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə valyuta hərraclarında orta hesabla bir hərrac üzrə təklif 70 milyon ABŞ dolları, tələb isə 54 milyon ABŞ dolları təşkil edib. Bu isə bazarda valyuta təklifinin tələbi üstələdiyini göstərir.
AMB sədri qeyd edib ki, fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da analoji tendensiya müşahidə olunub. Belə ki, banklar tərəfindən əhalidən 423 milyon ABŞ dolları məbləğində valyuta alınıb, bu da əhalinin valyutanı almaqdansa daha çox satdığını göstərir.
Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı valyuta auksionlarında əvvəlki dövrlə müqayisədə 400 milyon ABŞ dolları daha az valyuta satışı həyata keçirib.
Fuad Mədətov
Finss.az
