Pul siyasəti alətləri maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, Mərkəzi Bank pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırmaq məqsədilə əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərraclarından fəal istifadə edir.
Məlumata görə, təminatsız pul bazarında faiz dərəcələri Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşır və uçot dərəcəsinə yaxın səviyyədə hərəkət edir.
Bildirilib ki, 2024-cü ilin dekabr ayında uçot dərəcəsinin azaldılmasının təsiri ilə AZIR indeksinin orta gündəlik səviyyəsi 6,73 faizdən 2025-ci ilin yanvar ayında 6,7 faizə enib.
AMB-də vurğulanıb ki, 2025-ci ilin iyul və dekabr aylarında uçot dərəcəsinin iki mərhələdə ümumilikdə 0,5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub.
Qeyd edilib ki, son yarım il ərzində Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozitlər və yeni kreditlər üzrə faiz dərəcələrində azalma qeydə alınıb. Bu proses pul bazarında faizlərin uçot dərəcəsinə yaxınlaşmasını təmin edən əsas amillərdən biri kimi dəyərləndirilir.
Fuad Mədətov
Finss.az
