Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozlaşdırılır.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin fevral ayı üzrə yenilənmiş baza ssenarisi proqnozlarına əsasən, illik inflyasiyanın 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4,0% səviyyəsində olacağı gözlənilir. Qeyd olunub ki, 2026-cı il üzrə inflyasiya proqnozu azaldılma istiqamətində yenilənib.
AMB-nin məlumatında bildirilir ki, ötən iclasdan bəri inflyasiya riskləri balansında əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.
Qurum vurğulayır ki, qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları üzrə qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır.
Məlumata əsasən, əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması isə ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti və nominal effektiv məzənnənin dəyişkənliyi kimi amillərdən asılı olacaq.
AMB qeyd edir ki, 2026-cı ildə başlıca daxili risk faktoru daxili xərc amillərinin gözləniləndən daha güclü reallaşması ehtimalı ilə bağlıdır.
Fuad Mədətov
Finss.az
