2026-cı ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına yönəldilmiş cəmi kredit qoyuluşunun həcmi 31,947 milyard manat təşkil edib.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, banklar və qeyri-bank kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına yönəldilən kredit qoyuluşu bir ay əvvələ nisbətən 495,6 milyon manat və ya 1,6%, 2025-ci ilin yanvarın 1-nə nisbətən isə 2,7 milyard manat və ya 9,1% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 7,867 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 232,1 milyon manat və ya 3%, illik müqayisədə isə 716,6 milyon manat və ya 10% artım deməkdir.
Eyni dövrdə iqtisadiyyata yönəldilən kredit qoyuluşlarının 22,196 milyard manatı özəl bankların payına düşüb. Bu göstərici bir ay əvvələ nisbətən 145,4 milyon manat və ya 0,7%, ötən ilin yanvarın 1-nə nisbətən isə 1,9 milyard manat və ya 9,2% çox olub.
Bununla yanaşı, bu ilin yanvarın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının 1,884 milyard manatı qeyri-bank kredit təşkilatlarının payına düşüb. Qeyri-bank sektorunda kredit qoyuluşu aylıq müqayisədə 118,2 milyon manat və ya 6,7%, illik müqayisədə isə 73,1 milyon manat və ya 4% artıb.
Qeyd edilib ki, hesabat dövründə dövlət banklarının payı ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl bankların payı 69,5%-ni, bank olmayan kredit təşkilatlarının payı isə 5,9%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
