Azərbaycan 2025-ci ilin birinci yarısında Avrasiya regionundan Asiya ölkələrinə yönələn birbaşa xarici investisiyaların (BXİ) əsas ixracatçıları sırasında yer alıb və çıxış BXİ-nin 23%-ni təmin edib.
Finss.az Avrasiya İnkişaf Bankının (AİB) hesabatına əsasən xəbər verir ki, Avrasiya regionu ölkələri, xüsusilə Rusiya, Azərbaycan və Qazaxıstan, Asiya ölkələrinə kapital ixracında fəal iştirak edir. 2025-ci ilin birinci yarısına olan vəziyyətə görə, Avrasiya regionundan Asiyaya yönələn BXİ həcmi 56,6 milyard ABŞ dolları olub və son bir il yarım ərzində 12,5% artım qeydə alınıb.
Hesabatda bildirilir ki, Rusiya çıxış investisiyalarının 72%-ni, Azərbaycan isə 23%-ni, Qazaxıstan isə 4%-ni təmin edir. Azərbaycanın payı əsasən neft-qaz və neft emalı sektoruna yatırımlar hesabına formalaşıb. Hindistanda aparılan investisiyaların da əsas hissəsi Rusiya və Azərbaycanın neft-qaz sektoruna yönəlib.
Eyni zamanda, hesabatda qeyd olunur ki, Türkiyə Avrasiya regionu ölkələrindən ən böyük investisiya qəbul edən ölkədir. Toplanmış investisiyaların həcmi 44 milyard ABŞ dolları təşkil edir ki, bu da region ölkələrinin Türkiyəyə yatırdığı 18,6 milyard dollardan iki dəfədən çoxdur. Əsas töhfə enerji və neft emalı sektorlarında fəaliyyət göstərən Rusiya və Azərbaycan şirkətləri tərəfindən verilir.
AAİB analitikləri həmçinin bildirirlər ki, Körfəz ölkələri investisiyalarının böyük hissəsini neft-qaz və elektrik enerjisi sektoruna yönəldir. Ümumilikdə, regionda 29 elektrik enerjisi layihəsi həyata keçirilib ki, bunlardan bir qismi Azərbaycanda yerləşir.
Səudiyyə Ərəbistanının Avrasiya regionundakı investisiyaları 4,17 milyard dollar səviyyəsinə çatıb, son bir il yarım ərzində artım 2 milyard dollardan çox olub. Bu sərmayələrin təxminən 93%-i Özbəkistana, qalan hissəsi isə Azərbaycana yönəlib.
Bundan əlavə, Azərbaycan Türkiyədən BXİ cəlb edən əsas tərəfdaşlardan biri kimi çıxış edir. Əsas investisiya layihələrindən biri Şahdəniz yatağının işlənməsidir, burada Türkiyənin TPAO şirkəti beynəlxalq konsorsiumun iştirakçısıdır.
Fuad Mədətov
Finss.az
