2025-ci ildə Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) sektoru dinamik artım nümayiş etdirib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bankın Baş direktoru Fuad İsayev Bakıda keçirilən “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”nda çıxışı zamanı verib.
Onun sözlərinə görə, hazırda ölkədə 54 BOKT, 34 kredit ittifaqı fəaliyyət göstərir və bunlardan biri istisna olmaqla hamısında özəl sektor təmsil olunur.
F.İsayev bildirib ki, 2025-ci ildə BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat təşkil edib:
"Eyni zamanda ötən il BOKT-ların kredit portfeli 29% artaraq 1 milyard manatı üstələyib. BOKT-ların kapitalı ötən il 26,2% artaraq 3 milyon manataı üstələyib. Ümumilikdə, BOKT-ların kapitalı ümumi aktivlərin 24,5%-ni təşkil edir. Son 3 ildə BOKT-lar tərəfindən 86 milyon manat məbləğində istiqraz buraxılışı həyata keçirilib. Sevindirici haldır ki, 2023-cü illə müqayisədə 2025-ci ildə buraxılmış istiqrazların həcmində 4 dəfəyədək artım müşahidə edirik”.
Baş direktor əlavə edib ki, sektorun kapital dayanıqlığı kifayət qədər yüksəkdir:
"Kapitalın aktivlərə nisbəti 24,5% təşkil edir. 2025-ci il ərzində BOKT-ların kapitalı 26,2% artaraq 300 mln. manatı üstələyib”.
F.İsayev qeyd edib ki, son 3 il ərzində BOKT-lar tərəfindən ümumilikdə 85,8 mln. manat məbləğində istiqraz buraxılışı həyata keçirilib:
“İstiqraz buraxılışlarının 97%-i milli valyutada olub, istiqrazlar üzrə orta müddət isə 2,5 il təşkil edib. 2025-ci ildə Mərkəzi Bank tərəfindən ‘Bank olmayan kredit təşkilatları haqqında’ Qanunun tələblərinə uyğun olaraq ‘Bank olmayan kredit təşkilatlarında kənar audit aparılmasına dair minimum tələblər’ təsdiqlənib və bu tələblər 22 noyabr 2025-ci il tarixindən qüvvəyə minib”.
Fuad Mədətov
Finss.az
