BANK

28 Yanvar

PAŞA Bank IPO prosesində bazar amilini və investor marağını əsas götürəcək - Murad Süleymanov

Hazırda bankın 17 725 590 ədəd səhmi mövcuddur və bunların təxminən 5 faizi həcmində, yəni 932 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması planlaşdırılır.

Finss.az xəbər verir ki, bunu “PAŞA Bank”ın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov deyib. O, bankın hazırkı səhm strukturu və planlaşdırılan yerləşdirmə həcmi barədə məlumat verib.

Onun sözlərinə görə, hazırda emissiya prospektinin yekunlaşdırılması istiqamətində işlər aparılır və səhmlərin qiymətinin müəyyənləşdirilməsi ilə bağlı çərçivə formalaşdırılır. O qeyd edib ki, bu prosesdə bazar amili, investor marağı, qiymətləndirmə nəticələri və beynəlxalq təcrübələr nəzərə alınacaq:

“Əsas hədəfimiz səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Səhmlərin satış prosesinin həm rəqəmsal, həm də fiziki kanallar şəklində qurmağı planlaşdırırıq. Anderrayter "PAŞA Kapital" olacaq. Eyni zamanda hazırda biz digər broker şirkətləri ilə də danışıqlar aparırıq”.

Mətbuat konfransında Bankın kapital adekvatlığı göstəricilərinə də toxunulub. M.Süleymanov bildirib ki, hazırda “PAŞA Bank”ın kapital adekvatlığı 22 faiz təşkil edir, halbuki Mərkəzi Bankın tələbi 12,5 faizdir:

“Burada 10%-lik fərqi görmək mümkündür. 10% isə bu nisbətdə, yəni tələbin üzərində təxminən 50% edir. Yəni biz tələbin üzərində təxminən 50% yuxarıdayıq”.

M.Süleymanov əlavə edib ki, səhm buraxılışından əldə olunacaq vəsaitlər birbaşa Bankın kapitalına yönəldiləcək:

“Bu o deməkdir ki, biz kapital adekvatlığında təxminən 45–50% tələblərin üzərindəyik”.

Qeyd edək ki, “PAŞA Bank” IPO vasitəsilə kapital bazarında iştirakını genişləndirməyi, maliyyə dayanıqlığını daha da gücləndirməyi və səhmləri geniş investor kütləsi üçün əlçatan etməyi hədəfləyir.

Fuad Mədətov
Finss.az