“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsi hesab olunur.
Finss.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev IPO üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
C.Quliyev bildirib ki, IPO prosesinə qoşulan ilk özəl bank məhz “PAŞA Bank”dır və səhmlərin yerləşdirilməsi Bankın uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir.
Onun sözlərinə görə, “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərin yerləşdirilməsi Bankın daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan maliyyə institutu kimi fəaliyyət imkanlarını genişləndirir.
O qeyd edib ki, hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir.
Bankın baş icraçı direktoru vurğulayıb ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir:
“İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməmiz üçün yeni fürsətlər yaradır.”
Qeyd edək ki, bu gün “PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirilib. Tədbirdə bildirilib ki, bu təşəbbüs maliyyə dayanıqlığının gücləndirilməsi, şəffaflığın artırılması və ölkənin kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır.
Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış və Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Bankın əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir.
Hazırda “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir. Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlara, o cümlədən “Ən yaxşı KOS bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb. 2025-ci ildə isə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Fuad Mədətov
Finss.az
