Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artımın 2025-ci ildəki 3,3 faiz səviyyəsində qalacağını və 2026-cı ildə 3,3 faiz, 2027-ci ildə isə 3,2 faiz olacağını proqnozlaşdırır.
Finss.az xəbər verir ki, bu barədə BVF-nin “World Economic Outlook 2026” hesabatının yanvar buraxılışında məlumat verilib.
Hesabatda qeyd olunur ki, sabit göstəricilər ziddiyyətli amillər arasında tarazlığın nəticəsini əks etdirir: dəyşən ticarət siyasətinin mənfi təsirləri, texnologiyalara, o cümlədən süni intellekt sahəsinə artan investisiyalar, fiskal və monetar dəstək, eləcə də özəl sektorun yüksək adaptasiya qabiliyyəti ilə kompensasiya olunur.
BVF-nin proqnozuna görə, inkişaf etmiş iqtisadiyyatlarda artım 2026-cı ildə 1,8%, 2027-ci ildə isə 1,7% olacaq. ABŞ iqtisadiyyatı 2026-cı ildə 2,4% artacaq, bu isə əsasən fiskal siyasət və faiz dərəcələrinin azaldılması ilə dəstəklənir. 2027-ci ildə isə artım korporativ investisiyalar üçün vergi güzəştləri ilə stimullaşdırılacaq.
İnkişaf etməkdə olan ölkələrdə qlobal artım 2026 və 2027-ci illərdə təxminən 4 faiz səviyyəsində proqnozlaşdırılır. Xüsusilə Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində artım 2025-ci ildəki 3,7%-dən 2026-cı ildə 3,9%-ə, 2027-ci ildə isə 4%-ə yüksələcək. Bu artım əsasən neft hasilatının artması, dayanıqlı daxili tələbat və islahatlar sayəsində mümkün olacaq.
Fuad Mədətov
Finss.az
