“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində təsdiqləyib.
Finss.az xəbər verir ki, agentlik Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsində saxlayıb, reytinq üzrə proqnoz isə “Müsbət” olaraq müəyyən edilib.
“Moody’s”in qiymətləndirməsinə görə, Azərbaycanın kredit reytinqi əhəmiyyətli maliyyə buferləri ilə dəstəklənir ki, bu da ölkə iqtisadiyyatının xarici şoklara qarşı həssaslıq risklərini azaldır. Bununla yanaşı, agentlik vurğulayır ki, Azərbaycan iqtisadiyyatı hələ də neft-qaz sektorundan asılı olaraq qalır.
Agentliyin fikrincə, “Müsbət” proqnoz davam edən islahatların iqtisadiyyatın karbohidrogen sektorundan iqtisadi və fiskal asılılığını daha da azaltmaq potensialını əks etdirir.
Bildirilib ki, pul-kredit siyasətinin transmissiyasının gücləndirilməsi, maliyyə sektorunun tənzimlənməsi, dövlət vəsaitinin idarə edilməsi və inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində həyata keçirilən islahatlar institusional bazanın və idarəetmənin möhkəmləndirilməsi üçün əlverişli imkanlar yaradır.
“Moody’s”in analitiklərinə görə, idarəetmənin yaxşılaşdırılması, şəffaflığın və siyasətin proqnozlaşdırıla bilmə səviyyəsinin yüksəldilməsi kredit reytinqinin artırılması üçün əsas amillər sırasındadır.
Eyni zamanda, Ermənistanla iqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması eskalasiya və geosiyasi gərginlik risklərini azaldır ki, bu da Azərbaycanın kredit reytinqinə müsbət təsir göstərə bilər.
Agentlik hesab edir ki, yaxın perspektivdə Azərbaycanın reytinqinin aşağı salınması ehtimalı azdır. Bununla belə, makroiqtisadi mühitin pisləşməsi və ya Ermənistanla geosiyasi gərginliyin artması halında reytinq üzrə proqnoz “Stabil” səviyyəsinə dəyişdirilə bilər.
Fuad Mədətov
Finss.az
