Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5%-ni təşkil edəcək.
Finss.az "Moody’s" beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən xəbər verir ki, agentlik 2026–2027-ci illərdə bu göstəricinin orta hesabla ÜDM-in 5,1%-i səviyyəsində olacağını gözləyir.
“Moody’s”in qiymətləndirməsinə əsasən, 2025-ci ilin yekunlarında cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7%-i, 2026-cı ildə 5%-i, 2027-ci ildə isə 5,2%-i həcmində olacaq.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3%-nə bərabər olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4%-i səviyyəsində olub.
Mərkəzi Bankın proqnozlarına əsasən, 2025-ci ilin yekunlarında orta neft qiymətinin bir barel üçün təxminən 70 ABŞ dolları olacağı halda, cari əməliyyatlar hesabının profisitinin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Fuad Mədətov
Finss.az
